Ölkədə rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və bu
istiqamətdə təkmil hüquqi çərçivənin formalaşdırılması Mərkəzi Bank
(MB) tərəfindən daim diqqət mərkəzində saxlanılır. Elektron
bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ
həllərin tətbiqinin dəstəklənməsi məqsədilə “Bank
hesablarının açılması, aparılması və bağlanması Qaydası”
(Qayda) müasir trendlər nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən
yeni redaksiyada hazırlanaraq təsdiq edilib.
MB-dən AzerTimes-a bildirilib ki, qaydanın təkmilləşdirilməsi ilk
növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını
genişləndirməklə bank hesabının açılması prosesini rəqəmsal
müstəvidə icra etmək imkanını təqdim edir. Qaydaya əsasən məsafədən
bank hesabının açılması üçün nəzərdə tutulan məbləğlər üzrə
limitlər ləğv edilmiş, gücləndirilmiş elektron imza ilə yanaşı yeni
təsdiqetmə üsulu – gücləndirilmiş müştəri autentifikasiyasından
istifadə imkanı yaradılmışdır. Artıq rezident fiziki şəxslər
gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə
məsafədən hesab açmaq imkanına malik olacaqlar. Bu isə bank
xidmətlərinin əlçatanlığını artırır, fiziki olaraq filial və şöbə
ilə təmin olunmayan ərazilərdə əhalinin bank xidmətlərindən
istifadəsinə şərait yaradır.
Bununla belə, elektron bankçılıq xidmətlərinin göstərilməsi ilə
bağlı risklərin daha effektiv idarə olunması məqsədilə müştərilərə
məsafədən hesabların açılması zamanı belə xidmətləri göstərən
banklar tərəfindən riskyönümlü tədbirlərin həyata keçirilməsi
imkanları nəzərdə tutulur.
Qaydanın tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının
rəsmi internet səhifəsində (https://www.cbar.az/page-217/regulations)
və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların
Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/49456)
yerləşdirilib.