Almaniyanın avtomobil istehsalçısı “Mersedes-Benz” Moskva vilayətində yerləşən avtomobil istehsalı zavodunu satışa çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” qəzeti avtomobil sənayesi və daşınmaz əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət Moskva yaxınlığındakı Esipovoda yerləşən “Mercedes-Benz Manufacturing” zavodundan gedir. Bu zavodun 20 faizi rus şirkəti “Daimler Kamaz”a, qalan hissəsi isə alman şirkətinə məxsusdur.
Nəşrin avtomobil sənayesindəki mənbələrindən birinə görə, sövdələşmə yekun mərhələdədir, zavodu rus diler alacaq, lakin “Mersedes”in bəzi “sənəd problemləri” var. Moskva vilayətinin daşınmaz əmlak bazarındakı “Kommersant” mənbəsinin sözlərinə görə, iddiaçılardan biri “Avtodom” dileridir və danışıqlarda Moskva vilayətinin İnkişaf Korporasiyası iştirak edir.
Nəşr bildirir ki, tenderdə bir neçə diler iştirak edir.
Avtomobil satıcısı nəşrə bildirib ki, mürəkkəb bir sövdələşmə olacaq, buraya brendin Rusiya bazarındakı distribyutorunun hüquqları da daxildir.