Xəbər - Çingiz Səfərli – Trend:
AMEA Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanıb.
AMEA-dan AzerTimes-a bildirilib ki, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, aqrotexniki qulluq olunmayıb, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilib. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub.
AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlaması nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələrlə bağlı arayış tərtib olunub: “Şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər”.
N. Allahverdiyev AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsini icra edən təyin olunduğunu deyib: “Bağa rəhbərlik etməyə başladığım gündən etibarən burada nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Belə ki, yeni landşaft dizayn layihəsinin hazırlanması üçün fotoşəkillər çəkilib, layihə mərhələlər üzrə tərtib olunub. Layihənin ilk mərhələsi üzrə əsas məqsəd ağacların su ilə təmin olunması və onlara aqrotexniki qulluq göstərilməsi üzrə işlərin görülməsidir. Yeni landşaft dizayn layihəsinin ilkin versiyası artıq AMEA rəhbərliyinə təqdim olunub. Abadlıq işlərinin səmərəli təşkili məqsədilə Komissiya yaradılıb”.
Twitter: @cingizsafarli