Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva 30 noyabr tarixindən 4 dekabr 2021-ci il tarixinə qədər Türkiyənin Antaliya şəhərində keçirilən XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində, I Türkiyə Beynəlxalq Kolorektal Cərrahiyyə konqresində və XI Kolorektal Cərrahiyyə konqresində iştirak edir. Builki Konqres ilk dəfə olaraq beynəlxalq və ikidilli şəkildə təşkil edilmişdir. Konqresin üçüncü günü Dr.Aynur Səfiyevanın “Böyük olmayan kolorektal poliplərdə endoskopik müdaxilələr” mövzusunda təqdimatı maraqla qarşılanıb.

Həmçinin, tədbirdə 2020-ci ilin hamı üçün çox çətin bir il olduğu və bunun hazırda da davam etdiyi bildirilib. COVİD-19 pandemiyası dövründə bütün səhiyyə işçiləri, həkimlər və tibb bacılarının bu bəşəri bəlaya qarşı birlikdə mübarizə apardıqları vurğulanıb. Konqres proqramına kolorektal cərrahiyyə tibb bacısı və stoma yaralarına qulluq üzrə kurslar, konfranslar, panellər və interaktiv müzakirələr daxil edilib. Müasir yanaşmaları əhatə edən sessiyaların hər biri yüksəkixtisaslı mütəxəssislər olan 140 yerli və 10 beynəlxalq: Türkiyədən, ABŞ-dan, Almaniyadan, Koreyadan, Çindən, Rusiyadan, Litvadan, Birləmiş Krallıqdan, BƏƏ-dən olan məruzəçilər tərəfindən aparılır.

Bundan əlavə, kolorektal cərrahiyyə, stoma və yaralara qulluq sahələrində çalışan həkimlərin şifahi təqdimat sessiyaları keçirilir. İki zalda paralel olaraq davam edən kurslar, videosessiyalar, əsas sessiyalar və bir çox şifahi təqdimatlarla zəngin olan bu konqres unikal bir tədbir kimi yadda qalıb.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Teqlər: