Mərkəzi Gömrük Hospitalının terapevti “Pollinoz və ya mövsümi allergiya” mövzusunda ətraflı məlumat verib

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Həkim
məsləhəti” rubrikasında “Pollinoz və ya mövsümi allergiya”
mövzusunda ətraflı məlumat verib:

Yazın gəlişi nə qədər sevinc gətirsə də, bəzi xroniki və mövsümi
xarakter daşıyan xəstəliklərin də alovlanmasına səbəb olur. Bu
xəstəliklərdən ən çox rast gəlinəni pollinoz və yaxud mövsümi
allergiyadır. Bu, adından bəlli olduğu kimi, allergik xəstəlik
olub, bitkilərin çiçəklənmə və tozlanması ilə başlanan və həssas
adamlarda rinit (burun axması), konyunktivit (gözlərdə qaşınma və
sulanma), quru öskürək, boğazda qıcıqlanma, təngnəfəslik və övrənin
(dəridə səpkilər) əmələ gəlməsinə səbəb olan bir haldır.
Bitkilərdən ayrılan tozcuqlar küləklə xüsusən isti yay günlərində
hava ilə daşınaraq asanlıqla insanların tənəffüs orqanları, dərinin
açıq qalan səthi və gözlərlə təmasda olub, allergik reaksiyalar
yaradır. Lakin qeyd etmək lazımdır ki, əgər orqanizmin digər
allergenlərə də məsələn, yun, pambıq, quş lələyi, siqaret tüstüsü
və s. reaksiyasi varsa pollinoz ilboyu da müşahidə oluna bilir.

Pollinoz ən çox gənc qadınlarda müşahidə olunur. İrsi faktor da
bu xəstəliyin yaranmasında vacib rol oynayır. Hər hansı bir
xəstəliyin, həmçinin, pollinozun müalicəsindən öncə onun
profilaktikası aparılmalıdır. Təbii ki, havada uçuşan tozcuqlardan
tamamilə qorunmaq mümkün deyil, lakin örtülü geyim, tozlanmanın ən
aktiv dövründə, yəni səhər saatlarında və küləkli havada küçəyə
çıxmamaqla, qoruyucu maska və eynəkdən istifadə etməklə, havadan
evə gələn kimi küçə geyimini dəyişib yumaq, saçları yaxalamaqla,
pəncərələrə xüsusi toz filtrləri taxmaqla təması minimuma endirmək
mümkündür.

Pollinozun dərman müalicəsi zamanı antihistaminlərdən,
leykotrien preparatlarından, xüsusi burun spreylərindən, göz
damcılarından istifadə olunur. Ağır və residivləşən hallarda
ixtisaslaşmış klinikalarda immunoterapiya aparılır. Pollinoz
effektiv müalicə olunmazsa bronxial astma kimi daha ciddi
xəstəliyin başlanmasına səbəb ola bilir. Odur ki, mövsümi allergiya
halları zamanı həkimə müraciət etmək məsləhətdir.

Teqlər: