Mərkəzi Gömrük Hospitalının rezidenti Kron xəstəliyi mövzusunda təqdimat edib (FOTO)

22 aprel 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının 3-cü
kurs rezident-həkimi Leyla Əhmədova “Kron xəstəliyi” mövzusunda
təqdimatla çıxış edib.Təqdimatda Mərkəzi Gömrük Hospitalının rəis
müavini Rəna Qasımova, Cərrahiyyə və Orqan Transplantasiyası
şöbəsinin transplantoloqu Kamran Beydullayev və Hospitalda təhsil
alan rezident-həkimlər iştirak ediblər.

Təqdimatında bağırsağın xroniki iltihabı xəstəlikləri haqqında
ümumi məlumat verən rezident-həkim Leyla Əhmədova qeyd edib ki, bu
qrup xəstəliklər bağırsaq traktının hissəvi zədələnməsi, kliniki,
epidemioloji və patoloji əlamətlərlə müşahidə olunur, amma
etiologiyası məlum deyil. Bağırsağın xroniki iltihabı
xəstəliklərinin yayılması inkişaf etmiş ölkələrdə, o cümlədən
sənayesi sürətlə inkişaf edən ölkələrdə daha sürətlə yayılır. Bu
xəstəliyin yayılması insanların qida rasionu və ətraf mühitin
dəyişməsi ilə əlaqədardır. Həmçinin, rezident-həkim Leyla Əhmədova
kuratoru Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi,
ümumi cərrah Namiq Novruzovun Kron xəstəliyi olan pasiyentlərin
müalicə prosesi barədə məlumat verib.

Tədimatın sonunda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və
Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran
Beydullayev Kron xəstəliyinin ağır keçməsindən danışaraq, qeyd edib
ki, bağırsaqlarda iltihabi xəstəliklərin aşkar olunması və düzgün,
dəqiq diaqnozun qoyulması üçün biopsiya çox əhəmiyyətlidir. O,
bildirib ki, həkimlər kron xəstəliyinin müalicəsində cərrahi
əməliyyatlarla yanaşı, müasir müalicə üsullarına da çox önəm
verirlər.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova
təqdimatın keçirilməsində Hospitalın rəhbərliyinə təşəkkürünü
bildirib və rezidentlərə mövzuların təqdimatları ilə bağlı
tövsiyələrini verərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan
rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil
aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq
təqdimatlarla çıxış edirlər.

Teqlər: