Mərkəzi Gömrük Hospitalının orta tibb işçiləri “Xəstələrə qulluq” təlimində iştirak ediblər (FOTO)

22 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının orta tibb işçiləri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Xəstələrə qulluq” təlimində iştirak ediblər. Təlim Tədris Simulyasiya Mərkəzinin treneri Yaqut Qarayeva, Aynur Abbasəliyeva və Bbraun şirkətinin Rusiya filialından xüsusi dəvət olunmuş nümayəndəsi Mixayıl Korotski tərəfindən aparılıb.

Təlimdə baş tibb bacısı Əliyeva Amaliya, tibb bacıları Məmmədova Aytən, Rəcəbova Tamilla, Sahverdiyev Vüsal, Əfsərova Səadət, Ağalarova Aysel, Həsənzadə Cahan, Belyaninova Qalina, Əliyeva Gülbəniz və Mirzəliyeva Lamiyə iştirak ediblər. Təlimçi Yaqut Qarayeva iştirakçılara tibb personalının əllərinin tibbi işlənməsi, dezinfeksiya və gigiyena qaydaları, ağır xəstələrin daşınması, xəstənin yataq dəstinin dəyişdirilməsi, ağır xəstələrin qidalanması, yataq dəstlərinin işlənməsi və profilaktikası qaydalarını ətraflı izah edib.

Həmçinin, xəstənin yataq dəstinin dəyişdirilməsi ilə bağlı videoçarx izlənilib. Daha sonra Mərkəzi Gömrük Hospitalının tibb qardaşı Sahverdiyev Vüsal və tibb bacısı Məmmədova Aytən izah olunmuş qaydalara əsasən əl gigiyenası qaydalarını və xəstənin yataq dəstinin dəyişdirilməsini praktiki olaraq yerinə yetiriblər.

Bbraun şirkətinin Rusiya filialından xüsusi dəvət olunmuş nümayəndəsi Mixayıl Korotski “Uzun müddət sağalmayan yaralar” mövzusunda təqdimatla çıxış edib. Mixayıl Korotski yaraların kəskin və xroniki növləri, sağalmamasının səbəblərini, yaraların sağalmasına mane olan faktorlar və müalicə üsullarını ətraflı izah edib. Trener bildirib ki, yaş amili, immun sisteminin zəif olması, yanaşı və ya infeksion xəstəliklərin olması, təkrar travma və digər amillər yaranın uzun müddət sağalmamasına təsir edir.


Təlimin ikinci hissəsində trener Aynur Abbasəliyeva orta tibb işçilərinə tənəffüs sistemi xəstəlikləri olan xəstələrə qulluq qaydaları, tənəffüs gimnastikası, döş qəfəsinin masajı, traxeobronxial ağacın sanasiyası, inhalyatorların istifadəsi, oksigenoterapiya və traxeostomaya qulluq qaydaları barədə ətraflı məlumat verib.Təlim iştirakçıları izah olunmuş qaydalarla bağlı praktiki vərdişləri yerinə yetiriblər.

Mərkəzi Gömrük Hospitalının rəhbərliyi Hospitalın orta tibb işçilərinə təlimin keçirilməsinə görə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzinin rəhbəri, t.f.d. Zəhra Vəzirovaya və təlimçilərə təşəkkür edir.

Teqlər: