Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d., Dr.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında “Müasir ginekologiyada laparoskopiyaya olan göstərışlər və aparılan əməliyyatlar” mövzusunda ətraflı məlumat verib.
Müasir ginekologiyada laparoskopiya son 40 il ərzində bəsit diaqnostik və boru bağlanması əməliyyatlarından mürəkkəb çoxçeşidli ginekoloji göstərişləri olan əməliyyatlara qədər inkişaf etmişdir. Bu gün laparoskopik üsul bütün ginekoloji əməliyyatların aparılmasında əvəzolunmaz, əsas müalicə seçimi və qızıl standart hesab olunur.
Laparoskopiyaya olan göstərışlər və aparılan əməliyyatlar.
Diaqnostik laparoskopiya. Diaqnostik laparoskopiya əsasən çanaq patologiyalarının diaqnozunun qoyulması məqsədilə həyata keçirilir. Şiş xəstəliklərində toxuma biopsiyası almaq, eləcə də sonsuz xəstələrdə uşaqlıq borularının vəziyyəti haqqında məlumat almaq mümkündür.
Boru sterilizasiyası kontraseptiv üsul olaraq geniş və güvənli şəkildə tətbiq edilir. Uşaqlıq boruları əsasən elektrokoterizasiya və ya klipdən istifadə etməklə bağlanılır.
Bitişikliklərin açılması. Bitişikliklər keçirilmiş cərrahi əməliyyatlar, endometrioz, infeksiyalarla əlaqələndirilir. Bitişmələr sonsuzluğa, xroniki çanaq ağrılarına səbəb ola bilir. Bitişmələr açıldıqdan sonra hamiləqalma şansı vardır, lakin sonsuz xəstələrdə boruların bağlı və hidrosalpinksli olduğu təsbit edildiyi zaman boruların bağlanması məqsədəuyğundur.
Uşaqlıqdankənar hamiləliyin müalicəsində laparoskopiya etibarlı və uyğun cərrahi üsul hesab olunmaqdadır. Hamiləlik kisəsinin və ya yararsız olduğu hallarda uşaqlıq borusunun xaric edilməsi kimi manipulyasiyalarla həyata keçirilməkdədir.
Endometriozun müalicəsi. Endometrioz diaqnozunun qoyulması və müalicəsində laparoskopiyanın əvəzsiz rolu vardır. Endometriozlu sahələrin kəsilərək və ya koterizə edilərək xaric edilməsi sonsuzluğun aradan qaldırılmasına, çanaq ağrılarının azalmasına gətirib çıxarır.
Yumurtalıq kistinin çıxarılması. Əgər yumurtalıq kisti 4 cm və daha böyük ölçülərdədirsə, konservativ müalicəyə tabe olmursa kistektomiya əməliyyatına göstəriş vardır.
Ooferektomiya. Ooferektomiya ən çox postmenopauzal qadınlarda böyüyən və ya persiste kist olduğu zamanı, eləcə də süd vəzisi xərçəngi zamanı profilaktik olaraq icra olunur.
Miomektomiya. Reprodukdiv funksiyanin qorunması, orqan saxlanılması istəyi və qadınlarda xəstəlik simptomlarını aradan qaldırmaq məqsədilə, ölçüsündən asılı olmayaraq laparoskopik miomektomiya icra olunmaqdadır.
Histerektomiya. Reproduktiv yaşını tamamlamış, uşaqlıq və artımlarının xaric edilməsinə göstəriş olanlarda laparoskopik histerektomiya həyata keçirilməkdədir. Onkoloji müdaxilələr. Müasir dövrdə onkologiyada laparoskopiya bədləşmənin cərrahi müalicəsində, ikinci baxış müdaxiləsi kimi tətbiq olunmaqdadır. Texnologiyanın inkişafı və əldə edilmiş təcrübələr laparoskopik üsulla geniş həcmli onkoloji əməliyyatları həyata keçirməyə imkan verir.
Laparoskopik əməliyyatlara olan mütləq əks göstəriş qərarı mübahisəli qalmaqdadır. İllər uzunu qarın boşluğu əməliyyatı keçirənlərdə, hamilə qadınlarda, piylənməsi olanlarda, onkoloji xəstələrdə əks göstəriş hesab olunurdu. Lakin son 20 ildə təbabətdə olan inkişafla əlaqəli laparoskopik üsulun bütün sadalanan patologiyalarda uğurla tətbiqi böyük seriya şəklini almışdır. Laparoskopiya az sayda əks göstərişi olmasına baxmayaraq, əməliyyatdan əvvəl ürək və ağciyər xəstəlikləri, anestezioloji risk fakorları düzgün dəyərləndirilməlidir.
Laparoskopık əməlıyyatların ağırlaşmaları. Laparoskopiya qarın boşluğu daxili müdaxilə hesab olunmaqdadır: infeksiya, orqan və toxumaların intra- və postoperativ zədələnmə riskləri labüddür. Orqan zədələnmələri və anesteziya riskləri vardır. Təcrübəli əməliyyat ekibi tərəfindən icra olunarsa, ağırlaşma riski minimaldır.
Laparoskopık əməlıyyatlardan əvvəl hazırlıq. Əməliyyatdan əvvəl ümumi baxış, anamnez, güzgülərlə və bimanual müayinə, laborator müayinələr, görüntüləmə üsulları tətbiq olunmalıdır. Əməliyyatdan əvvəl laparoskopiyanın texniki üsulu təyin edilməli, patologiyaya uyğun cərrahi alətlər düzgün seçilməli, əməliyyat öncəsi xəstələrin dərman hazırlığı aparılmalı, profilaktik antibiotik seçilməli, sidikliyin kateterizasiyası, qastrointestinal hazırlıq və dərin vena trombozunun profilaktikası olunmalıdır.
Beləliklə, laparoskopiya xəstələr üçün təhlükəsiz və effektli azinvaziv endocərrahi müalicə üsulu hesab edilir. Arzu edilən estetik görünüş, əməliyyatdaxili qan itkisinin az olması, əməliyyatdan sonrakı yerli və ümumi ağırlaşmaların tezliyinin aşağı həddlərdə müşahidə edilməsi, əməliyyat və müalicə prosesinin qısamüddətli olması, əməliyyatönü dövrün və müalicə prosesinin böyük hissəsinin ambulator şəraitdə aparılması, müalicə xərclərinin azalması laparoskopik əməliyyatların birmənalı üstünlüklərindəndir. İxtisaslı kadrların hazırlanması, klinik təcrübənin toplanması və daim zənginləşməsi, yeni endocərrahi texnologiyaların, alətlərin və avadanlıqların endoskopik cərrahi arsenala daxil olması, mövcud vasitələrin modernləşdirilməsi, yeni endoəməliyyat üsullarının və ya əməliyyatın ayrı-ayrı hissələrinin təkmilləşdirilməsi endocərrahlığın qüsurlarının və ağırlaşmalarını aradan qaldırmağa geniş imkanlar açmaqdadır.