Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq t.f.d. Təranə Bayramova “Hamiləlikdə qaraciyər xəstəlikləri” mövzusunda suallarımızı cavablandırıb.

Hamiləlik dövründə meydana çıxa biləcək qaraciyər xəstəlikləri müxtəlif risklərin yaranmasına səbəb olur. Belə hamiləliklərə riskli hamiləlik və ya yüksək riskli hamiləlik deyilir. Riskli və yüksək riskli hamiləliklər bəzi hallarda ananın və ya ana bətnindəki dölün sağlamlığını və hətta həyatını təhlükəyə ata bilər. Riskli və yüksək riskli hamiləliklər mütləq riskli hamiləlik üzrə mütəxəsis tərəfindən daha yaxından nəzarət altında olmalıdır.

Təranə xanım, hamiləlik zamanı meydana çıxan qaraciyər xəstəlikləri nə qədər təhlükəlidir?

Nadir də olsa, hamiləlik zamanı meydana çıxa biləcək qaraciyər xəstəlikləri həm ana, həm də döl üçün ciddi təhlükə hesab olunur. Laborator təhlillərində qaraciyər xəstəlikləri nəticəsində meydana çıxan dəyişiklikləri olan hamilə qadınlara ilkin olaraq hamiləliklə əlaqəli olan və olmayan xəstəliklərin diferensasiyası aparılmalıdır. Hamiləlik zamanı fizioloji və hormonal dəyişikliklərin qaraciyərə təsiri məlumdur. Hamiləlik zamanı 3% hallarda qaraciyərdə biokimyəvi dəyişikliklər müşahidə oluna bilər.

Bəs hamiləlik zamanı hansı fizioloji və biokimyəvi dəyişikliklər baş verir?

Hamiləliyin ilk aylarında qanda albumin səviyyəsində düşmə baş verir. Ümumi xolesterol və triqliserid səviyyəsi isə bir az yüksəlmiş olur.

Qaraciyərində problem olduğunu hamilə qadın necə hiss edə bilər?

Hamiləlikdə görülən qaraciyər xəstəliklərinin ümumi və əsas əlamətləri sarılıq, dəridə qaşınma, qarında ağrı, bulantı, qusma hesab edilir. Bu əlamətlərin əksəriyyəti hamiləliklə əlaqəli deyil, lakin əlamətlər görüldüyü zaman təhlillərdə əhəmiyyətli dəyişikliklər meydana çıxması ilə diaqnoz qoymaq mümkündür. Əsasən virus mənşəli hepatitlər, obstruktiv sarılıqlar kimi qaraciyər xəstəlikləri belə şikayətlər verə bilər, eyni zamanda laborator təhlillərdə patoloji hallara rast gəlinir.

Hamilə qadınlar qaraciyərdə problem çıxarkən panikaya düşməməlidir. Həkimi tərəfindən aparılacaq müayinələrin nəticəsinə görə qərarı gözləməlidir. Qaraciyər xəstəliklərinin hamiləlikdən sonra və ya digər hamiləliklərdə meydana çıxıb çıxmayacağına dair məlumatlar yoxdur. Əsasən intrahepatik xolestaz diaqnozu qoyulan hamilə qadınlarda şiddətli dəri qaşınması və qaraciyər fermentlərinin kəskin yüksəlməsi tablosunu görmək olar.

Hamiləlik zamanı qanda hormonların artması orqanizmdə bəzi biokimyəvi və fizioloji dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər qaraciyərə də təsir göstərə bilir.

Hamiləliklə əlaqəli meydana çıxan qaraciyər xəstəlikləri yüksək arterial təzyiq ilə müşahidə olunan və olunmayan olmaqla iki qrupa ayrılır. Hipertenziya müşahidə olunan qrupa preeklampsiya, HELLP sindromu və qaraciyərin kəskin yağlanmasını aid etmək olar. Hipertenziya müşahidə olunmayan qrupda isə hiperemezis qravidarum və intrahepatik xolestaz xəstəlikləri yer almaqdadır.

Hamiləlikdə meydana çıxan qaraciyər xəstəlikləri ana və döl üçün təhlükəli hesab olunur. Erkən və düzgün diaqnozun qoyulması ilə birlikdə vaxt itirilmədən müalicəyə başlanılmalıdır. Bəzi təcili vəziyyətlərdə hamiləliyin erkən sonlandırılması lazım gələ bilər.

Təranə xanım, hipertenziya müşahidə olunan qaraciyər xəstəlikləri barədə məlumat verərdiniz.

Preeklampsiya hamilələrin 5-10%-ində son trimestrdə rast gəlinir. Arterial təzyiqin yüksəlməsi ilə yanaşı sidikdə zülal və ətraflarda ödem müşahidə oluna bilər. Preeklampsiyalı hamilələrin 20-30%-ində qaraciyər fermentləri yüksəlir. Vəziyyət kəskinləşdikdə ana və dölün həyatı üçün təhlükəni aradan qaldırmaq məqsədilə təcili hamiləliyin sonlandırılması lazımdır. Eklampsiya zamanı isə hamilə qadınlarda başağrısı, qıcolma tutmaları kimi nevroloji əlamətlər ola bilər. Preeklampsiyası olan hamilələrin 10-20%-ində HELLP sindromu inkişaf etməkdədir. 1000 hamilədən 2-6-sında meydana çıxa bilər. HELLP sindromu zamanı trombosit və leykositlərdə kəskin azalma görülməkdədir. HELLP sindromu olan hamilələrin 1%-ində qaraciyərdə şiddətli qanaxma baş verə bilər. Bununla əlaqəli ədəbiyyatlarda qaraciyər transplantasiyası olunmuş xəstə sayı haqqında məlumat vardır. Hər üç hal qaraciyər patologiyasında fermentlərdə pozulma vardır, ayırd etmək çətinlik törədir. Səbəb olaraq isə kapillyar damar səviyyəsində laxtalanmanın baş verməsi bildirilir. Ciddi vəziyyətlərdə ana və dölün həyatını qurtarmaq məqsədilə hamiləlik sonlandırılmalıdır.

Həskin qaraciyər yağlanması 10 000 hamilədən 1-ində görülə bilər. Döldə genetik problem nəticəsində inkişaf edən ferment pozğunluğu ilə əlaqədardır. Orqanlarda kiçik yağ damlaları yığılır. Qaraciyər testlərindəki pozulmalarla bərabər böyrək funksiyaları da pozulur. Müalicəsi təcili doğuşdur. Doğuşdan sonra qaraciyər funksiyası bərpa olunur, lakin şiddətli hallarda qaraciyər yetməzliyi inkişaf edir, bu isə qaraciyər nəqlinə gətirib çıxarır. Bu səbəblə bağlı Amerikada son 20 ildə 18, Avropada 11 qadın nəqlə məruz qalmışdır.

Hipertenziya müşahidə olunmayan qaraciyər xəstəlikləri barədə məlumat verərdiniz.

Hiperemezis qravidarum hamiləliyin ilk trimestrində meydana çıxır və rastgəlmə tezliyi 0.3-2% təşkil edir. Hamilə qadınlarda hədsiz bulantı, maye itirilməsi ilə elektrolit pozğunluqlarına gətirib çıxaran qusma, qaraciyər enzimlərində pozulma baş verən bir vəziyyətdir. Lakin bulantı və qusma azaldıqca qaraciyərdə ciddi bir zədələnmə görülməz.

Hamiləliyin ikinci yarısında qaşınma ilə meydana çıxan, bəzən sarılığa gətirib çıxaran intrahepatik xolestaz doğuşdan sonra aradan qalxar. Qan təhlillərində qaraciyər enzimlərində, bilirubin və öd turşuları səviyyəsində yüksəlmə qeyd olunur. Hamiləlik xolestazı zamanı öd durğunluğu nəticəsində öd duzlarının dəridə toplanması nəticəsində qaşıntı yaranmış olur. Müalicə məqdəsilə öddurulaşdırıcılardan istifadə olunur. Bu hal 0.1-1% hamilədə baş verə bilər. Xəstəliyin baş vermə səbəbi genetik və hormonal amillərdir. İlk hamiləliyində xolestazı olan qadınlarda digər hamiləliklərdə də xolestaz olma riski yüksəkdir. Anada doğuşdan sonra qaraciyər testləri qısa müddət ərzində bərpa olunur. Lakin yenidoğulmuşlarda risk yüksəkdir. Vaxtından əvvəl doğuş, aşağı kiloda doğulma halı, doğum zamanı tənəffüs problemi, ölü doğulma kimi risklər vardır.

Hamiləlikdə öd kisəsinin hərəkətlərinin azalması və xolesterolun yüksəlməsi ilə əlaqəli öd kisəsində daşların əmələgəlmə tezliyi arta bilər.

Teqlər: