Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin
mama-ginekoloqu Leyla Qaçaylı “Həkim məsləhəti” rubrikasında
“Hamiləlikdə kalsium istifadəsi” mövzusunda ətraflı məlumat
verib.
Hamilənin kalsium ehtiyacı əsasən ana bətnindəki körpənin
sümüklərinin sürətlə inkişaf etdiyi son aylarda artmış olur.
Kalsium dölün ürək-damar, sinir sistemi və əzələlərinin
formalaşmasına kömək edir, eyni zamanda ürək ritmi və qan
laxtalanma sisteminin qurulmasında mühüm rol oynayır. Bundan başqa,
kalsium hipertenziya və preeklampsiya riskini də azaltmış olur.
İnsan vücudundakı kalsiumun 99%-i sümüklərdə və dişlərdə
toplanır. Qalan hissəsi isə yumşaq toxumalarda və qanda yer alır.
Hamiləlik zamanı dölün inkişafı üçün lazım olan kalsium ehtiyacı
ananın orqanizmindən sorularaq qarşılanır. Bu zaman orqanizmə
yetərli miqdarda kalsium daxil olmadıqda kalsium ananın
sümüklərindən sorulur və nəticədə kalsium yetməzliyi əmələ gəlir.
Bu, hətta sümük əriməsinə belə gətirib çıxara bilər. Orta hesabla
hamilə hamiləlik və südvermə dövründə sümük kütləsinin 3-5%-ni
itirir. Əgər qadın qidalanma zamanı yetərsiz miqdarda kalsium
alarsa, o zaman bu faiz daha da böyüyür. Hamiləlik zamanı gündəlik
kalsium ehtiyacı 1000 mg təşkil edir.
Hamiləlik zamanı kalsium əksikliyinin səbəblərinə qida
rasionunda kifayət miqdarda kalsiumun olmaması, kalsium
sorulmasında pozulmalar, eyni zamanda kalsium metabolizmasında
önəmli rol oynayan maqnezium və D vitamini əksikliyi aiddir.
Kalsium yetməzliyi zamanı hamilədə ən çox rast gəlinən
əlamətlərə əllərdə və ayaqlarda qarışqa gəzməsi hissiyyatı,
ayaqlarda qıcolmalar, dəri quruluğu, dırnaqların tez-tez sınması,
yaddaş zəifliyi, depressiya, əzələ ağrıları, diş çürükləri və diş
əti problemlərini göstərmək olar.
Kalsium ən çox süd və süd məhsullarında mövcuddur. Belə ki, bir
stəkan süd və ya qatıqda 250 mg kalsium var. Bundan başqa, badam,
qoz, noxud, küncüt, kişmiş, püstə, ərik, banan, portağal, soya da
kalsiumla zəngin qidalardandır. Hamilənin kalsium ehtiyacını
qarşılaması üçün ən gözəl üsul düzənli və balanslaşdırılmış
qidalanmadır. Kalsium yetməzliyi zamanı hamilələr həkim göstərişinə
əsasən kalsium tərkibli tabletlərdən də istifadə edilə
bilərlər.