Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu “Hamiləlikdə bel ağrıları” mövsuzunda danışıb

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d., Dr.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə bel ağrıları” mövsuzunda suallarımızı cavablandırıb.

Hamiləlikdə ən çox rast gəlinən şikayətlər bel ağrılarıdır. Əsasən hamiləliyin son aylarında meydana çıxan bel ağrısı şikayətləri hamiləlik dövründə bir sıra çətinliklər yarada bilməkdədir. Bəs hamiləlik dövründə bel ağrılarının müşahidə olunması normal hesab edilirmi və səbəbi nələrdir?

Hamiləliyin 5-7-ci aylarında qadınların əksəriyyətində rast gəlinən bel ağrıları hamiləlik sonlandıqdan 1-3 ay sonra aradan qalxmaqdadır. Bel ağrıları hamilələrin 1/3-ində həyat keyfiyyətini poza və xronik hala keçə bilər. Hamiləlikdə ən çox rastlanan çanaq sümükləri ətrafında və ya bel hissəsində olan, əzələ və sümük-oynaq sistemində gərilmə və ya boşalmaya bağlı olan ağrılardır. Hər iki hala birlikdə də rast gəlmək mümkündür.

Hamiləlik zamanı görülən bel ağrıları biomexanik, hormonal, damar və digər mənşəli ola bilər. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, bel ağrıları artıq çəki və qarının böyüməsinə bağlı qamət şəklinin dəyişməsi ilə əlaqəli olmayıb, hamiləlikdən əvvəl onurğanın bel hissəsinin deformasiyası olan qadınlarda daha çox müşahidə edilir.

Qısa müddət ərzində artıq kilonun alınması bel ağrılarının yaranmasına səbəb ola bilər. Hamiləlik zamanı uşaqlığın böyüməsi qarın və bel əzələləri arasında qüvvə tarazlığının pozulmasına gətirib çıxara və böyümüş uşaqlığın ağırlığı birbaşa təzyiq edərək ağrı yarada bilər.

Hamiləlik zamanı qanda relaksin, estrogen və progesteron səviyyələri yüksəlmiş olur. Yüksək relaksin səviyyəsi bağ-oynaq aparatında boşalmalara səbəb ola bilər. Estrogen hormonunun miqdarının artması relaksinin təsirini gücləndirərək bel ağrılarının əmələ gəlməsinə gətirib çıxarır.


Böyümüş uşaqlıq aortaya təzyiq göstərdiyi zaman toxumalarda işemiya və metabolik pozulma sahələri yarana bilir ki, bu da bel ağrılarına səbəb ola bilir. Bəzi hallarda iş və psixoloji amillər də bel ağrısı törədə bilməkdədir.

D vitamini çatışmazlığı olan hamilələrdə çanaq sümüklərində müvəqqəti yaranan osteoporoza bağlı yumşalma və sınıqlar, əzələ dartılmaları ağrıya səbəb ola bilər.

Hamiləlik dövründə bel ağrılarını necə azalda bilərik?

Hamiləlikdən əvvəl formada olmaq, qarın və kürək-bel əzələlərinin qüvvətli olması bel ağrıları riskini azaltsa da, çanaq əzələlərindəki ağrını azaltmayacaqdır. Relaksin hormonunun ifrazı fərdidir, qadınlara görə dəyişir. Bu hormonun artıq ifrazı isə ağrıları artırmış olur.

Hamiləlik dövründə həyat keyfiyyətini yüksəltmək üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

  • Çox kilo almamağa nəzarət etmək lazımdır;
  • D vitamini və kalsium istifadə edilməlidir;
  • Gəzmək lazımdır;
  • Əzələlərdə olan gərginliyi aradan qaldırmaq üçün qaməti düzgün saxlamağa diqqət edilməlidir;
  • Oturma vəziyyəti tez-tez dəyişdirilməlidir;
  • Oturarkən bel yastıqlarından istifadə olunmalıdır;
  • Gecələr arxası üstə yatmaq çətin olarsa, yan üstə yatılmalı və qarnın altına yastıq qoyulmalıdır;
  • Çanaq və beli yora biləcək kəskin hərəkətlər edilməməlidir;
  • Ayaqüstə uzun müddət qalmaq olmaz;
  • Oturma və ayaqüstə qalma müddəti uzun olarsa, bir ayağın altına stul qoyaraq gərgin olan əzələləri boşaltmaq lazımdır;
  • Nəfəs alma və vermə hərəkətlərini etmək lazımdır;
  • Hündür dabanlı ayaqqabı geymək məqsədəuyğun deyil;
  • Gün ərzində mümkün olduğu qədər istirahət edilməlidir;
  • Gün ərzində ağrıyan yerə 20 dəqiqədən artıq olmayaraq istilik və massaj tətbiq edilə bilər;
  • Ağrı davam edərsə, həkiminizlə məsləhətləşərək ağrıkəsici istifadə olunmalıdır.
Teqlər: