Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq elmi-praktiki konfransda təqdimatlarla çıxış ediblər (FOTO)

25 fevral 2022-ci il tarixində Azərbaycan Tibb Universitetində
Azərbaycanın və Rusiyanın aparıcı tibb müəssisələrinin
yüksəkixtisaslı həkimlərinin iştirakı ilə “Daxili xəstəliklər üzrə
dialoqlar” mövzusunda onlayn formatda elmi-praktiki konfrans
keçirilib. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin
həkim-radioloqu Natalya Astraxanseva, Reanimasiya və intensiv
terapiya şöbəsinin anestezioloq-reanimatoloqları Təranə Göyüşova və
Xəyal Məmmədov konfransın ikinci panelində təqdimatlarla çıxış
ediblər.

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin
həkim-radioloqu Natalya Astraxanseva konfransda “COVID-19-da
ağciyər lezyonlarının radioloji diaqnostikası və dinamik nəzarəti”
mövzusunda çıxışında yeni növ koronavirusun yaratdığı ağır
pnevmoniya xəstələrinin müalicəsinin gedişi prosesində radioloji
şöbənin fəaliyyəti barədə ətraflı məlumat verib. Dr. Natalya
Astraxanseva qeyd edib ki, 2020-ci ilin iyun ayından SARS-CoV-2
infeksiyası ilə daxil olan xəstələrin müalicəsi ilə məşğul olduğu
müddətdə Mərkəzi Gömrük Hospitalında 1800-dən artıq kovidli xəstə
müalicə alıb. Xəstələrin pnevmoniyalarının dərəcəsinin dəqiq təyin
edilməsi və prosesin gedişinin qiymətləndirilməsində döş qəfəsi
orqanlarının Kompüter Tomoqrafiyası cavablarından istifadə olunur.
N.Astraxanseva öz təqdimatında virus pnevmoniyasının rentgen
əlamətləri, COVİD-19 zamanı ağciyərlərin zədələnməsinin yayılmış KT
əlamətləri, döş qəfəsinin zədələnməsində nadir hallarda aşkar
olunan KT əlamətlərindən danışıb.

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya
şöbəsinin anestezioloq-reanimatoloqu Təranə Göyüşova konfransda
“COVID-19 xəstələrində homeostaz pozuntularının korreksiyasında
antikoaqulyant terapiyanın rolu” mövzusunda təqdimatla çıxış edib.
Konfransda COVID-19 infeksiyasının klinik təzahürləri barədə geniş
məlumat verən Dr.Təranə Göyüşova, koronavirusun yeni ştamlarının
yuxarı tənəffüs yollarının yüngül simptomlarından başlayaraq, ağır
pnevmoniya, koaqulopatiya, sepsis, hətta ölüm hallarına qədər geniş
spektrli klinik tənəffüs xəstəlikləri ilə nəticələndiyini bildirib.
Dr.Təranə Göyüşova COVID-19-un proqressiv ağciyər endotelial
sindromu, ağciyərdənkənar ağırlaşmaların riskinin artması,
xəstəxanalarda stasionar və reanimasiya şöbələrində yerləşdirilmiş
xəstələrin fərqli müalicəsindən danışıb.

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya
şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədov konfransda
“Ağır ağciyər çatışmazlığı olan COVID-19 xəstələrində EKMO ilə
təcrübə” mövzusunda çıxış edib. Dr.Xəyal Məmmədov çıxışında
bildirib ki, COVİD-19 infeksiyası xəstələrində ağciyər və sistemli
iltihab reaksiyasının kəskinləşməsi nəticəsində pasiyentlərin
həyatlarını itirməsi riski kəskin artmışdır. Artan ölümlərin
qarşısını almaq üçün Mərkəzi Gömrük Hospitalında EKMO-nun tətbiqinə
başlanılmışdır. Belə ki, EKMO qanı bədəndən alıb oksigenləşdirib,
yenidən ürəyə, qan dövranına qaytarır. Bu cihaz kəskin ürək və
ağciyər çatışmazlığı olan xəstələrdə həmin orqanların
funksiyalarını öz üzərinə götürür və həmin xəstələrin ürək və
ağciyər orqanlarının bərpa etməsinə zaman qazandırır. Bu aparatın
tətbiqi ilə ağır COVİD-19 xəstələrinin həyatda qalma şansı 50%
artmışdır.

Dr.Xəyal Məmmədov öz çıxışında həmçinin, EKMO-nun quruluşundan,
tarixindən, onun standart süni qan dövranından fərqlərindən
danışıb. O, bildirib ki, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük
Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin
yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin
müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan
uğurla istifadə edilmişdir. Təqdimatlardan sonra Mərkəzi Gömrük
Hospitalının həkimləri konfrans iştirakçılarının çoxsaylı
suallarını cavablandırıblar.

Teqlər: