Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə
doktoru Aynur Səfiyeva tibb elmləri üzrə doktorluq dərəcəsi almaq
üçün “Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti”
mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə
edib.
Dr.Aynur Səfiyevanın üzərində çalışdığı dissertasiya işi
kolorektal cərrahiyyəni əhatə edir. Dünya təcrübəsində yoğun və düz
bağırsaq patologiyalarından bəhs edən bu sahədə ən çox rast gəlinən
xəstəlik yoğun və düz bağırsağın bədxassəli xəstəlikləridir.
Dr.Aynur Səfiyeva elmi işində bu xəstəliklərin qarşısının alınması
yollarını araşdırıb.
Dr.Aynur Səfiyeva müntəzəm olaraq yerli və xarici elmi nəşrlərdə
məqalələr dərc etdirir. Bu yaxınlarda məşhur “Springer”
nəşriyyatının yenicə çapdan çıxmış “Anal fistula və abses” adlı
kitabında onun yazdığı bir paraqraf yer alıb. Bu paraqrafda müəllif
anal fistulaların lazerlə müalicəsində yenilənmiş diaqnostik
prosedurları, üsulları və göstəriciləri təqdim etmişdir.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur
Səfiyeva Avropa Koloproktoloji Dərnəyinin Şərq ölkələri üzrə
regional təmsilçisidir. Hazırda o, həm də Azərbaycan Kolon və
Rektum Cərrahi Cəmiyyətinin və Azərbaycan Milli Elmlər
Akademiyasının Əlaqələndirmə Şurasında İşçi Qrupun elmi katibi
vəzifələrində çalışır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla
bütün kollektiv bu münasibətlə Dr.Aynur Səfiyevanı ürəkdən təbrik
edir, ona gələcək fəaliyyətində uğurlar diləyir!