Mərkəzi Gömrük Hospitalında “Tibb Bacılarının I Respublika Forumu” keçirilib (FOTO)

12 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “12 may
Beynəlxalq Tibb Bacısı Günü”nə həsr edilmiş “Tibb Bacılarının I
Respublika Forumu” həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi
və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə
təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi
tərəfdaşı Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupu və
“Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə həyata keçirilmiş Forum
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz
işinə başlayıb.

Açılış nitqi ilə çıxış edərək Forum iştirakçılarını salamlayan
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov səhiyyə sahəsində
həkimlərlə yanaşı, onların ən yaxın silahdaşı olan tibb bacılarının
və digər orta tibb personalının fəaliyyəti və zəhmətinin danılmaz
olduğunu vurğulayıb. O, deyib: ”Bildiyiniz kimi, qlobal səhiyyə
tendensiyalarına uyğun olaraq bu gün Azərbaycanda da tibb bacısı
ixtisasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar
atılmaqdadır. Deyərdim ki, ölkəmizdə bu sahə həm tədris, həm də
praktiki bacarıqlar baxımından öz inkişaf dövrünü yaşamaqdadır. Bu
gün Respublikamızda baza tibb bacısı təhsili ilə yanaşı, ali «tibb
bacısı işi» ixtisasının yaradılması, tibb bacılarının nəzəri və
praktiki bilik və bacarıqlarının artırılması istiqamətində
təlimlərin həyata keçirilməsi, bu sahədə qurumlararası əməkdaşlığın
gücləndirilməsi çox vacib əhəmiyyət kəsb edir.”

Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris
Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
əməkdar həkim, Rəşad Mahmudov, TƏBİB-in İdarə Heyəti sədrinin
müşaviri Firəngiz Əliyeva, Mərkəzi Gömrük Hospitalının rəisi Elman
Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə
prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, əməkdar müəllim
Dilarə Məmmədəliyeva və Türkiyənin Florence Nightingale
Xəstəxanalar Qrupunun Tibb bacısı xidmətlərinin təşkili şöbəsinin
müdiri Hülya Şahin Uyan da çıxış edib. Çıxış edən spikerlər tibb
bacılarının inkişafına istiqamətlənmiş tədbirin bu sahə ilə əlaqəli
yerli və beynəlxalq statuslu aidiyyatı qurumları bir platforma
ətrafında birləşdirdiyini qeyd edərək mövcud ənənənin Mərkəzi
Gömrük Hospitalı tərəfindən başladılmasını yüksək
qiymətləndiriblər.

Teqlər: