16 fevral 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında
Rusiyanın “Alkor Bio Group”-un nümayəndə heyəti ilə görüş
keçirilib. Şirkətin kommersiya direktoru Aleksandr Reşetnikov və
İxrac satışları şöbəsinin rəhbəri Vladislav Vorotnikov Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis
müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının müalicə
işləri üzrə rəis müavini Bəxtiyar Musayev, PZR laboratoriyanın
həkim laborantı Səbinə İbrahimova, Alqı-satqı və təchizat şöbəsinin
rəisi Rəşad Fərəcov və Tibbi laboratoriya şöbəsinin rəisi Sevinc
Gülmalıyeva ilə görüşüblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Mərkəzi Gömrük
Hospitalının Tibbi laboratoriyası, bu sahədə qazanılan təcrübə və
yeniliklər barədə ətraflı məlumat verib. Dr.İsmayıl Əfəndiyev
bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən
Mərkəzi Gömrük Hospitlının tibb heyəti həm sərhədlərdə, həm də ölkə
daxilində COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşulan öncüllər
sırasında olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
dəstəyi ilə 2020-ci ilin aprel ayından Hospitalda ən innovativ
tibbi avadanlıqlarla təmin edilən PZR laboratoriya fəaliyyətə
başlayıb. Real vaxtlı PZR Ümumdünya Səhiyyə Təşkilatının
təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+)
standartlarına tam cavab verir.
Həmçinin, Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO
15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə
olan tələblər” beynəlxalq keyfiyyət standartı üzrə audit
akkreditasiyasını 2021-ci ildə üçüncü dəfə müvəffəqiyyətlə keçərək,
ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğunu bir
daha təsdiq edib.
“Alkor Bio Group”-un kommersiya direktoru Aleksandr Reşetnikov
şirkətin istehsal etdiyi hormonal diaqnostika üçün test-sistemləri,
Daun sindromunun prenatal skrininqi üçün dəstlər və proqram
təminatı, biomaterialın yığılması və saxlanması üçün DNT-kartlar,
irsi tromboflibiyanin aşkar edilməsi üçün reagentlər və digər
məhsullar barədə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı
əməkdaşlıq məsələsi müzakirə edilib.
Qeyd edək ki, Rusiyanın “Alkor Bio” şirkətlər qrupu 1992-ci
ildən fəaliyyət göstərir. “Alkor Bio” şirkətlər qrupu Rusiyanın
laborator diaqnostika üçün reagentlərin yığılması bazarında ilk
üçlüyə daxildir. Eyni zamanda, hormonal və in vitro
allerqodiaqnostika üçün məhsul istehsalçısı kimi ilk yerləri tutur.
Yüksək keyfiyyətli məhsullar, çeşidin daim genişləndirilməsi,
müştərilərinin ehtiyaclarına daimi diqqət – bütün bunlar yüksək
biotexnologiyalar sahəsində “Alkor Bio Group”-a nailiyyətlər əldə
etməyə zəmin yaratmışdı.