Mərkəzi Gömrük Hospitalında rezidentlərin kuratorlarla görüşü keçirilib (FOTO)

7 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin kuratorlarları ilə hibrid formatda görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi ilə bağlı qarşıda duran vəzifələr, mövcud imkanlar, rezidentlərin Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak etməsi imkanları barədə ətraflı məlumat verib.
Həmçinin, Dr. İsmayıl Əfəndiyev rezidentlərin öz ixtisasları üzrə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən elmi cəmiyyətlərə üzv olmasının, konfrans, konqres və seminarlarda fəal iştirak etməsinin, elmi-tədqiqat və ictimai işlərə cəlb edilməsinin zəruriliyi haqqında danışıb. Eyni zamanda Dr. İsmayıl Əfəndiyev rezidentlərin tədris proqramının yerinə yetirilməsi, kurator və rezidentlər arasında münasibətlərin qurulması, rezidentlərin nəzəri biliklər və təcrübi bacarıqlara yiyələnməsi, elmi-tədqiqat işlərinə düzgün yanaşması kimi vərdişlərin yaradılması ilə bağlı məsləhətlər verib.

Radiologiya şöbəsinin rəisi, uzman Eldəniz Hüseynov, Mama-ginekologiya şöbəsinin rəisi, t.f.d., Dr.Təranə Bayramova, Cərrahiyyə və Transplantasiya şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazımi, Kardiologiya şöbəsinin invaziv kardioloqları Samir Mustafayev və Emin Hacıbalayev, Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqları – Mehdi Əliyev, Təranə Göyüşova, Xəyal Məmmədov, Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov şöbələrində rezidentura təhsili alan rezidentlərin fəaliyyəti, görülən işlər barədə geniş məlumat veriblər.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının Tədris-simulyasiya mərkəzi ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində rezidentlər üçün mövcud olan perspektivlərdən danışıb. Tədbirin sonunda rezidentlərin sualları cavablandırlıb, fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.

Teqlər: