Mərkəzi Gömrük Hospitalı 13 il sizinlə

2008-ci ilin 25 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Beləliklə bu gün Mərkəzi Gömrük Hospitalının fəaliyyətə başlamasının 13 ili tamam olur!

Qazandığımız uğurlar, nailiyyətlər və zəngin təcrübə Mərkəzi Gömrük Hospitalını nəinki Azərbaycanda, bütöv Cənubi Qafqaz regionunda tanıtmışdır. Mərkəzi Gömrük Hospitalı həm gömrük əməkdaşlarına, həm də əhaliyə yüksək səviyyədə xidmət göstərməklə, qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmiş, bir çox yeniliklərə imza atmışdır. Hospital ən müasir standartlar səviyyəsində tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Mərkəzi Gömrük Hospitlının tibb heyəti həm sərhədlərdə, həm də ölkə daxilində COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşulan öncüllər sırasında olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə ən innovativ tibbi avadanlıqlarla təmin edilmiş klinik şöbələr və PZR laboratoriya Hospitalın tibb personalına koronaviruslu xəstələrin müalicəsini uğurla aparmağa imkan verir. Belə ki, 11 iyun 2020-ci il tarixindən Mərkəzi Gömrük Hospitalı bütün personalı ilə ən ağır COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur. Qeyd edək ki, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmişdir.

2021-ci ildə Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartı üzrə audit akkreditasiyasını üçüncü dəfə müvəffəqiyyətlə keçərək, ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğunu bir daha təsdiq edib.

2021-ci ildə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi tərəfindən müxtəlif konfranslar və konqreslər keçirilib. Hospitalın Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləsinə əsasən Azərbaycan Tibb Universitetinin 17 məzunu rezidentura təhsili alırlar. 2021-ci ildə Mərkəzi Gömrük Hospitalının 2 rezidenti 3 illik rezidentura təhsilini bitirərək, respublikamızın müxtəlif tibb müəssisələrində fəaliyyətə başlayıblar.

Son illər ərzində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence Nightingale Xəstəxanalar Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində qarşılıqlı əməkdaşlıq tədbirləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilib. Belə ki, Mərkəzi Gömrük Hospitalında 2020-ci ildə Philips İngenia Elition X 3.0 Tesla gücündə yeni MRT cihazı, 2021-ci ildə Philips Incisive CT pro 128 Kompüter Tomoqrafiya (KT) aparatı istifadəyə verilib.


2020-ci ilin noyabr ayı Azərbaycan üçün əlamətdar oldu. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq, ordu, cəmiyyət dəmir yumruq kimi birləşərək erməni işğalçılarına qarşı mübarizəyə qalxdı və ölüm-dirim müharibəsində şanlı qələbəsini çaldı. Vətənin ərazi bütövlüyü təmin edildi, Azərbaycanın əzəli torpaqları özünə qaytarıldı. 2020-ci il Azərbaycan tarixinə Qələbə, Zəfər ili kimi düşdü.

Qürurverici haldır ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, zəruri avadanlıq, dərman vasitələri ilə təminatına layiqli töhfə vermiş, yaralılara Mərkəzi Gömrük Hospitalında yüksək səviyyədə tibbi xidmət göstərmişdir. 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının baş həkimi, tibb xidməti polkovniki Elman Məmmədov Fəxri Fərman ilə təltif olunublar.

Mərkəzi Gömrük Hospitalının da bir sıra əməkdaşlarının bu qələbənin qazanılmasında payları oldu. Onlar Vətənimizin igid oğulları ilə bərabər döyüş bölgələrinə yollandılar, ən ağır döyüşlərdə yaxından iştirak etdilər. Qəhrəman tibb və inzibati işçilərimiz: Racu Nəbiyev, Nicat Həsənov, Kamran Mirzəyev, Emin Mirzəyev və Süleyman Süleymanovla fəxr edirik!

2020-ci ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub. Bu gün müasir səhiyyə ocağı olan Mərkəzi Gömrük Hospitalının peşəkar və təcrübəli tibbi heyəti hər zaman olduğu kimi əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərmək üçün əzmlə çalışır.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyini və kollektivini bu əlamətdar gün münasibətilə təbrik edir, möhkəm cansağlığı, məsul və şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!

Teqlər: