Xəbər - Nəzrin İsrafilova – Trend:
Mərkəzi Bank olaraq rəqəmsal ödənişlərin inkişaf etdirilməsi və bu sahədə ən qabaqcıl trendlərin ölkəyə gətirilməsi bizim ən prioritet istiqamətlərimizdən biridir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov deyib.
“Bu istiqamətdə Mərkəzi Bankın 2021-2023-cü illəri əhatə edən rəqəmsal ödəniş strategiyamız var və bu strategiyada bizim ən fundamental fokusumuz beş sahəyə ayrılıb. Birinci istiqamət ödəniş sisteminə yeni oyunçuların, finteklərin gəlməsi üçün dəstəkləyici qanunvericilik platformasının hazırlanmasıdır. Biz ödəniş sistemləri, ödəniş xidmətləri haqqında qanun layihəsini artıq hazırlamışıq, əlaqədar dövlət qurumları ilə razılaşdırmışıq və qəbul olunması üçün hökumətə təqdim etmişik. İkinci istiqamət bu gün yaratdığımız etibarlı və davamlı fəaliyyəti təmin edən ödəniş sistemlərinin infrastrukturunun əhatə dairəsinin genişləndirilməsidir. Üçüncü istiqamət ödəniş sistemləri üzrə risk əsaslı tənzimlənməyə nəzarət çərçivəsinin formalaşdırılmasıdır. Növbəti istiqamətlər maliyyə inklüzivliyinin ödəniş aspektindən inkişaf etdirilməsi və maliyyə savadlılığının, bilik və bacarıqların artırılmasıdır”, – F.Osmanov deyib.