Mərkəzi Bankda bank rəhbərləri ilə görüş keçirildi

Mərkəzi Bankın sədri Taleh Kazımov kommersiya banklarının
rəhbərləri ilə görüş keçirmişdir.

Mərkəzi Bankdan AzerTimes-a verilən məlumata görə, görüşün məqsədi
milli iqtisadiyyatın inkişafında bank sisteminin rolunun
artırılması ilə bağlı fikir mübadiləsi, əhalinin və biznesin
maliyyə xidmətlərinə çıxış perspektivləri, ölkədə nağdsız
ödənişlərin genişlənməsi və digər aktual məsələlərin müzakirə
edilməsindən ibarət olmuşdur.

Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham
Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi
inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd etdi.
Bildirdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən
quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və
maliyyə dayanıqlığı təmin edilmişdir və bu istiqamətdə
geniş-miqyaslı tədbirlər davam etdirilir. Bank sektorunun
dayanıqlıq göstəricilərinə diqqət çəkən T.Kazımov bank sisteminin
ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu
xüsusilə qeyd etdi və bildirdi ki, növbəti dövrdə ölkədə maliyyə
əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal
çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı
dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv
işlər davam etdiriləcəkdir.

Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki
dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması,
iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf
perspektivləri barədə fikirlərini bildirdilər.

Teqlər: