Xəbər - Elçin Mehdiyev – Trend:
Fevralın 18-də Mərkəzçi Demokrat İnternasionalının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Trend xəbər verir ki, iclasda Qarabağ sülh razılaşmasına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.
Qətnamədə 1980-ci illərin sonlarından başlayan və 30 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi və humanitar fəlakətə, minlərlə insanın ölümünə, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olduğu vurğulanır.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın əhəmiyyətinin xüsusi qeyd olunduğu qətnamədə Ermənistan və Azərbaycana həmin sənədə və əvvəlki atəşkəs razılaşmaları öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağ və ətraf rayonlarda öhdəliklərinin tam şəkildə icrasına davam etmək çağırışı edilir. Tərəflərin hərbi əsirlərin mübadiləsi və birinci Qarabağ müharibəsində itkin düşənlər də daxil olmaqla münaqişədə həlak olanların qalıqlarının qaytarılması ilə bağlı beynəlxalq hüququn tələblərinə əməl etmək öhdəliyi də sənəddə qeyd olunur. Həmçinin, hərbi cinayətlərə dair bütün iddiaların lazımi qaydada araşdırılmasına, günahkarların məsuliyyətə cəlb edilməsinə və cinayətlərinə görə cavab vermələrinin təmin edilməsinə çağırış edilir.
Sənədə əsasən, MDİ qadağan edilmiş silahların istifadəsini qəbuledilməz hesab edir və mülki əhaliyə qarşı hücumlarda, hətta təmas xəttindən uzaqda qeydə alınmış kasetli bomba və digər kütləvi qırğın sursatının istifadəsini pisləyir.
Uzunmüddətli münaqişənin bölgədəki mülki infrastrukturlara, mədəniyyət obyektlərinə və ətraf mühitə vurduğu ziyanı qiymətləndirmək üçün Avropa Komissiyasına, Avropa Parlamentinə və UNESCO-ya faktaraşdırma missiyası göndərmək çağırışı edilir. Qurum, həmçinin, xarici investorları və humanitar təşkilatları Dağlıq Qarabağ və ətraf ərazilərdə minalar və partlamamış hərbi sursatlardan təmizləmə, bərpa və humanitar fəaliyyətlərdə iştiraka təşviq edir. Eləcə də beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasının tam icrasına, bölgədə sülh və etimadın qurulmasına və Azərbaycan və Ermənistan xalqları arasında barışığa dəstək olmağa çağırır.
Sənəddə tərəfləri bundan sonra bərabər qonşuluq prinsipləri əsasında beynəlxalq hüquqa uyğun olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibətlər qurmağa çağırış edilir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının müşahidəçi üzv olduğu MDİ hazırda Avropa, Latın Amerikası, Afrika və Asiya-Sakit Okean regionlarından 94 siyasi partiyanı özündə birləşdirir.