Mərkəz direktoru eks-nazirin məhkəməsinə məcburi gətiriləcək

Mərkəz direktoru eks-nazirin məhkəməsinə məcburi gətiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov və təchizat şöbəsinin müdiri Səadət Baxışəliyeva sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinə məcburi gətiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Bundan başqa, ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdam, Astara, Qax, Yevlax, Şirvan rayonları və Sumqayıt şəhəri üzrə rəhbərlərinin də məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib.

Qeyd edilib ki, həmin şəxslər məhkəmə çağırışlarına əməl etməyirlər.

Prosesdə şahid qismində ifadə verən Həbib Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri üçün mənzillərin tikilməsi ilə bağlı keçirdiyi tenderdə şirkəti qalib olub.

Şahid deyib ki, həmin vaxt nazirliyin nümayəndəsi Natiq Əzizovla görüşüb: “O, hər tikilən 13 evə görə 3 min manat pul istədi və razılaşdıq. Pulu öz otağında ona təqdim etdim. Natiq müəllimə ümumilikdə 39 min manat pul vermişəm”.

Daha sonra digər şahid Akif Məmişov da dindirilib. O söyləyib ki, 2014-2020-ci illərdə ƏƏSMN yanında DSMF-nin Cəbrayıl rayonu şöbəsinin müdiri işləyib: “Bizim şöbədə sonuncu dəfə yoxlama zamanı bir sıra problemlər aşkarlandı. Əlilliyi olan şəxslərin sənədlərində aşkar olundu ki, həmin şəxslər başqa yerlərdə də işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov məni bu problemlərə görə otağına çağırdı. O, məndən 15 min manat istədi. Mən isə 10 min manat verməyə gücümün çatdığını dedim. Sonda işimi itirməmək üçün 13 min manat verməyə razılaşdıq. Bunun müqabilində formal olaraq töhmət verildi”.

Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.

Teqlər: