Merkel İranın nüvə proqramı ilə bağlı vəziyyəti kritik adlandırıb

İranın nüvə proqramı ilə bağlı vəziyyət “həlledici həftələr” ilə üz-üzədir və Rusiya ilə Çinin üzərinə Birləşmiş Hərtərəfli Fəaliyyət Planını (BHFP) saxlamaq üçün xüsusi məsuliyyət düşür.

AzerTimes-ın məlumatına görə, bunu İsrailə səfəri çərçivəsində Almaniyanın Kansleri Angela Merkel deyib.

A.Merkel bildirib: “İranın uranın zənginləşdirməsindəki irəliləyişini izlədikcə bu məsələnin aktuallaşdığını görürük”.

Kansler qeyd edib ki, BHFP-ni heç vaxt ideal saziş hesab etməyib, amma hazırda Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bundan yaxşı bir yol yoxdur:

“Danışıqlarsız keçən hər bir gün uranın zənginləşdirilməsi artırılır. Bu, özlüyündə kritik bir vəziyyətdir. Bu mövzuda qarşımızda həlledici həftələr var. Burada hesab edirəm ki, müəyyən məsuliyyət Rusiya və Çinin üzərinə düşür”.