Bu il əlilliyi olan 2050 şəxsə 8800 reabilitasiya vasitəsi
verilib, 3812 şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
Mərdəkan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, o
cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri
ilə media nümayəndələrinin tanışlığı üçün ora mediatur təşkil
edilib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, ötən il Agentliyin reabilitasiya müəssisələrində
9325 nəfərə reabilitasiya xidmətləri göstərilib. Əlilliyi olan
şəxslərə əvvəlki ilə nisbətən 37% çox olmaqla 48 min reabilitasiya
vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin
olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
2022-ci ilin ötən dövründə isə əlilliyi olan 2050 şəxsə 8800
reabilitasiya vasitəsi verilib, 3812 nəfərə isə reabilitasiya
xidmətləri göstərilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr
ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə
təminatına başlanıb.
Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd, I
Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə
hərbi səbəblərlə əlaqədar əliliyi müəyyən olunmuş hərbçilərdən
ibarət 75 qazi 80 ədəd yüksək texnologiyalı protezlə təmin
olunub.
Mərdəkan Reabilitasiya Pansionatı 2019-cu ilin dekabrında əsaslı
təmirdən sonra istifadəyə verilib. Pansionatda laboratoriya,
ultrasəs, elektrokardioqrafiya müayinələri, effektiv təsirə malik
fizioterapevtik müalicə prosedurları tətbiq edilir, müalicəvi bədən
tərbiyəsi, sosial-psixoloji xidmət həyata keçirilir.
Müəssisədə terapevt, nevropatoloq, kardioloq, stomatoloq,
endokrinoloq, epidemioloq və d. ibarət həkim personalı çalışır.
Reabilitasiya sahəsində müasir metodika və texnologiyalardan
istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında
müalicə metodları tətbiq edilir. 150 çarpayılıq müəssisədə il
ərzində 3000 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri
göstərilir.
Media nümayəndələri Pansionatda yaradılan şəraitlə və göstərilən
reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik
prosedurlarla tanış olublar.