Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında zəncirvari, ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib.
Qəzanın baş verməsinə səbəb “Hunday Santafe” “Hunday Matrix” və “Daevoo Gentra” markalı avtomobillərin toqquşması olub.
İlkin məlumata görə ölənlərdən biri “Hunday Santafe” markalı avtomobilin sürücüsüdür.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.
“Bu gün saat 08:00-da Mərdəkan qəsəbəsi ərazisində üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisənin baş verməsinə səbəb “Hyundai Matrix” markalı nəqliyyat vasitəsinin idarəetməni itirərək, əks hərəkət zolağına çıxıb və qarşıdan gələn “Hyundai Santafe” və “Daevoo Gentra” markalı nəqliyyat vasitələri ilə toqquşması olub.
Hadisə nəticəsində “Hunday Matrix”in sürücüsü və sərnişini, eyni zamanda “Hunday Santafe”nin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə T.Nəsirli qeyd edib.
Ölənlər “Hunday Matrix”in sürücüsü Ayxan Rəsulov, sərnişini İftixar İsgəndərov, “Hunday Santafe”nin sürücüsü Fərid Hüseynovdur.