Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında 31 il əvvəl Bakıda keçmiş Sovet ordusunun törətdiyi 20 Yanvar faciəsinin Azərbaycan tarixində buraxdığı iz, ölkəmizin müstəqilliyi uğrunda önəmi müzakirə olunub.
AzerTimes-ın məlumatına görə, “Hədəf” verilişinə videobağlantı ilə qoşulan xarici ekspertlər Azərbaycan müasir tarixinə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan “Qanlı Yanvar” haqqında fikirlərini bölüşüblər.
Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan deyib ki, 1990-cı ildə Azərbaycan xalqı müstəqilliyini qazanmaq üçün ayağa qalxdı, amma həmin dövrün Sovet rəhbərliyi ordunu dinc əhalinin üzərinə yeritdi: “Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın. Lakin alınmadı, xalq sınmadı, qanı bahasına müstəqilliyinə qovuşdu. 20 yanvar gecəsi qətlə yetirilən azərbaycanlılar təkcə öz müstəqilliklərini yox, keçmiş SSRİ-dəki müstəqillik istəyən digər xalqların da ayağa qalxmasına təkan verdilər”.
Rusiyalı jurnalist Yevgeni Mixaylov xatırladıb ki, həmin illərdə keçmiş SSRİ dağılmaqda idi: “Həmin vaxt Ermənistandakı millətçilərin, intiqamçıların hərəkətlərinə az fikir verilirdi. Ermənistandan azərbaycanlıların qovulmasına başlanılmışdı. Sovet rəhbərliyi bəlkə də bilərəkdən ermənilərin bu davranışlarına göz yumurdular. Sonradan Bakıda buna cavab verilməyə başlandı, sıçrayış baş verdi. SSRİ-nin başında dayananlar ermənilərin davranışlarının qarşısını almaq əvəzinə, Bakıya hərbçilər göndərirdilər. Respublikada vəziyyəti düzəldə bilmədilər, sonucda azərbaycanlıların üzərinə ordu yeridildi, yüzlərlə günahsız insan qətlə yetirildi. Bunun ən böyük günahkarı SSRİ-nin rəhbəri Mixail Qorbaçov idi. Onun ətrafındakılar, məsləhət verənlərinin əksəriyyəti ermənilər idi. Bakıdakı qırğınlarda həmin məsləhətçilərin rolu az olmayıb”.
Fransalı və Çindən olan ekspertlər, Jil Mixaili və Malik Əyyub Sumbal da, 1990-cı ilin 20 yanvarında Bakıda baş verən qətliamın səbəbləri, nəticələri, SSRİ rəhbərliyinin qəddar qərarları barədə fikirlərini bildiriblər.
“Hədəf” proqramını bütöv şəkildə “YouTube” kanalından da izləyə bilərsiniz.
İnformasiya dəstəyi – Trend.az