Bu il də istilik mövsümü Nazirlər Kabinetinin qərarına uyğun olaraq, noyabrın 15-də başlayacaq.
Bu sözləri AzerTimes-a açıqlamasında Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
“Azəristiliktəchizat ASC-nin balansında 561 qazanxana və 88 istilik məntəqəsi var. Noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda (Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa) istiliyin verilməsinə başlanılıb. Rayonlarda istiliyin verilməsindən sonra 40 qazanxana işə düşüb. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb, 34 uşaq bağçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”, – Basqallı bildirib.