Mənzillərdən 55 min manatlıq oğurluq edib, mərc oyunlarına xərcləyən şəxs saxlanılıb (VİDEO)

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən
etibarən şəhər ərazisindəki mənzillərdən silsilə oğurluqlar edən,
əvvəllər də analoji cinayət əməlinə görə bir neçə dəfə məhkumluq
həyatı yaşayan Asiman Allahverdiyev tutularaq istintaqa təqdim
olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırma
zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manata
yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı
müəyyən edilib. O, istintaqa verdiyi ifadəsində oğurladığı
qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə
etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib.
Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir
neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut
kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
A.Allahverdiyevin digər cinayətlər törətməsi də istisna
olunmur.Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və
ya Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edə bilərlər.

Teqlər: