Xəbər - Çingiz Səfərli – Trend:
Mənzil alarkən vətəndaşlar seçim qarşısında qalırlar: köhnə, yoxsa yeni tikilmiş bina? Təbii ki, alıcının büdcəsindən və istəyindən asılı olaraq bu, dəyişir.
Bəs, yeni tikili ilə köhnə tikilinin hansı mənfi və müsbət tərəfləri var?
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yaşlı nəsil əsasən köhnə tikililərə üstünlük verir. Yeni binalardan mənzil alanlar isə daha çox gənc təbəqədir.
“Bakı şəhərində kvadratmetrlə götürsək, köhnə binalarla təzə binaların qiyməti demək olar, eynidir. Hətta bəzi yerlərdə köhnə binalar daha baha qiymətə satılır. Reallıq odur ki, köhnə binaların demək olar ki, böyük əksəriyyəti istismar müddətini başa vurub. Binanın özündə köhnəlmə prosesi sürətlə gedir, liftlərində problemlər var. Bütün kommunikasiya xətləri sıradan çıxıb. Lakin yeni binalarda bunların hamısı təzədir.
Mənzil alarkən ilk növbədə sənədlərin qaydasında olub-olmadığına diqqət etmək lazımdır.
Alqı-satqıdan sonra mənzildə əvvəlcədən qeydiyyada olanlar qeydiyyatdan çıxmaları ilə bağlı öhdəlik götürürlər. Lakin çox zaman şahid oluruq ki, öhdəlik götürülsə də, qeydiyyatdan çıxılmır. Çünki mənzili satan vətəndaşın ya qeydiyyata düşəcək başqa yeri olmur, ya da aldığı növbəti mənzil yeni binada olduğundan və çıxarışı olmadığına görə qeydiyyata düşə bilmir”.
Ekspert bildirib ki, Bakıda sıxlıq çox olduğundan vətəndaşlar daha çox şəhər ətrafında yaşamağa üstünlük verirlər:
“Paytaxtda və digər iri şəhərlərdəki istismar müddətini bitirmiş bütün binalar bir müddətdən sonra tamamilə söküləcək. Sadəcə müəyyən tarixi memarlığı olan binalar saxlanılacaq.
Yeni və köhnə tikililərin özlərinə məxsus mənfi və müsbət tərəfləri də təbii ki var. Məsələn, binanın künc hissəsi, mənzilin sonuncu mərtəbədə yerləşməsi tövsiyə olunmur. Bəzilərində isə birinci mərtəbə “ölü kapital” hesab edilir. Çünki satışı ləngiyir. Yeni binalarda isə mənzilin küncdə olması kimi problem yoxdur”.