Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerləri “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etməyə dəvət edir.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində keçiriləcək onlayn kursda menecment sahəsində Almaniyanın peşəkar təlimçiləri tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə onlayn treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi, onlayn işgüzar görüşlər və turlar təşkil ediləcək. 2021-ci ilin avqust-oktyabr aylarını əhatə edən və ingilis dilində təşkil olunacaq ixtisasartırma kursunu uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

Virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 4 iyul 2021-ci il tarixinədək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları proqramın əlaqələndiricisi olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcəkdir.

İxtisasartırma kursu, o cümlədən iştirak üçün lazımi sənədlər və namizədlərə dair tələblər barədə məlumatı KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar (https://bit.ly/3A0tc0a).