AzerTimes qazi Kamil Musəvi ilə müsahibəni təqdim edir:
– Kamil bəy, sizi dəstəkləyən, sevən adamlar olsa da, xeyli tənqid edən edənlər də var. Məsələn, deyirlər ki, qaziliyindən istifadə edir.
– Bir insanı hər kəs sevə bilməz. Bu, reallıqdır. Xüsusilə də üzdə olan insanı. Bir misal deyim. Peyğəmbəri Allah insanları haqq yoluna yönəltmək üçün göndərmişdi. Amma o cür adamı da sevməyən tapılırdı. O cür şəxsiyyəti sevməyən adam tapılıbsa, biz onun yanında kimik? Qazilikdən istifadə məsələsi isə yanlışdır. Belə şeyi heç kim fakt ilə göstərə bilməz. Nədən istifadə eləyə bilərəm ki? Mən çalışıram, qazi adımı həmişə yüksəkdə tutum. Mənim vətəndaş olaraq haqqımı tələb eləməyim o demək deyil ki, qaziliyimdən istifadə edirəm.
– “İstifadə edir” söhbəti ən çox sizinlə bərabər yaralanan insanların çıxışlarından sonra oldu. Deyirdilər ki, Kamilin səhvinə görə oldu, o, sonradan bizə dəstək olmadı, heç bizimlə əlaqə də saxlamadı…
– Kim kimin haqqında nə gəldi, danışa bilər. Amma nə dərəcədə həqiqətdir? Bəzən danışanlar, daha dəqiq, danışdıranlar qarşıdakı adamı ləkələmək istəyə bilərlər. Seçkilər vaxtı o cür çıxışları izləyib, çox pis olmuşdum. Amma iddialarına cavablarım var. Mənim anam 41 gün hospitalda təkcə ona baxmışdı. Yatağını dəyişib, yeməyini-suyunu vermişdi. Ümumiyyətlə, döyüşçü döyüşçünü heç vaxt satmaz. O adamla sonra görüşdük, peşman oldu. Bəs yaxşı, o mənimlə niyə əlaqə saxlamır? Heç olmasa, 41 gün sənə baxan, əziyyət çəkən anamla əlaqə saxlayardın. Digər əsas məsələ isə odur ki, o mənim yox, mən onun səhvindən yaralanmışam. Bunu sübut eləmişəm, eləyərəm də. Ən əsası, qaldı ona dəstək olmaq məsələsi, mən sosial müdafiə naziri deyiləm. Dövlətin bunun üçün qurumları var.
– Bəs sizi nə üçün ləkələmək istəsinlər ki?
– Hər şey seçkilərlə bağlı idi. İnsanların rəğbəti qazandığımı görüb ortaya bu cür söhbətlər atdılar.
– Haqqınızda şayiələr yaydıran adamların kimliyini bilirsiniz?
– Əlbəttə. Bunu seçkidəki rəqibim etmişdi. Özü də çox kiçik məbləğlər verərək.
– Nə qədər?
– Konkret bilmirəm, amma o adamların çox pul verməyə imkanları yoxdur. Allah bilir, bəlkə də yalnız bazarlıq eləmişdilər.
– Niyə deputat olmaq istəyirdiniz? Siyasətə qatılmaq fikriniz var?
– Mən özümü siyasətçi saymıram. Düzdür, millət vəkili siyasətçi postudur, amma bizdə deputatlar siyasətlə məşğul olmur. Mən ancaq və ancaq xalqa xidmət eləmək istəmişəm. Məni bu məsələdə lağa qoyanlar elə xidmət eləməyi bacarmayan deputatlara layiq adamlardır.
– Bu il də Milli Məclisə seçkilər gözlənilir. Namizədliyinizi verəcəksiniz?
– Niyə də yox?!
– Kamil bəy, aydındır ki, sizə dövlət də, ayrı-ayrı adamlar da dəstək verir. Deyirlər, sizə 3-4 ev verilib.
– Onu deyən adamların savadı yoxdur. Düşünmürlər ki, dövlət hər qaziyə bir ev ayırır? Necə ola bilər ki, mənə iki-üç ev versinlər? Bu, mümkün deyil, dövlətin siyasətində belə bir şey yoxdur. Mənə ikinci evi Füzuli Məmmədov verib. Özü də tək mənə yox, mənimlə bərabər bəlkə 50-dən çox qaziyə. Bəs onları niyə demirlər ki? Aydındır, üzdə olan mənəm…
– Bir iddia da sizin qeyri-döyüş şəraitində yaralanmağınızdır. Hərbi qanunlarda bu məsələ necə tənzimlənir?
– Hərbidən başı çıxmayan adamların söhbətidir. Kəşfiyyatçı istənilən əməliyyatı yerinə yetirir. Döyüş şəraitində olan əməliyyatdır. Adı üstündədir. Heç kim durduğu yerdə yaralanmır. Hətta deyirdilər ki, Kamil qazi deyil, döyüşməyib. Axı mən döyüş əməliyyatında yaralanmışam. Elə bilirlər, adında “döyüş” olan hər şey müharibə deməkdir. Müharibədə olmayıbsa, qazi deyil? Müharibədən əvvəl nə qədər şəhidimiz var. Bəs onlar?
– Kamil bəy, tam səmimi, heç olub ki, düşünmüsünüz, kaş belə olmazdı, bu qədər dəstək-filan, amma sağlamlığım yerində olardı?
– Vallah, heç vaxt peşman olmuram. Əlbəttə, olmasa, yaxşı olardı. Kim istəyir ki, yaralansın? Amma olan olub, üstəlik, bu, Vətən üçündür. Ona görə də heç bir peşmanlığım yoxdur. Mən yaralanandan sonra çox dəstək görməmişdim. Sonradan tədbirlərə-filan çıxdım, tanındım, gördülər, inandılar, sevdilər, dəstək oldular. Mənim xoşbəxt görünməyim mənə olan dəstəyə görə deyil. Hər zaman şən olmuşam, qəmginliyi özümə yaxın buraxmamışam.
– Yeri gəlmişkən, deyirdilər, Kamil tədbirlərə qonorar qarşılığında gedir…
– Deyirlər e, amma sübut eləyə bilmirlər. Mənsə, onların dediyinin şər olduğunu sübut edə bilərəm. Yüzlərlə tədbirdə olmuşam. Gedək, hər birindən soruşaq, görün, mən tədbirə çıxmağa görə onlardan qonorar istəmişəmmi?