III Epizod
Beləliklə, qarşınızda başını aşağı salıb sakitcə öz həyatını yaşayan və heç bir halda özünümüdafiəyə ehtiyac duymayan adi lisey müəllimi dayanıb. Onun kimisə təəccübləndirmək, yaxud nəyəsə inandırmaq öhdəliyi yoxdu. Amma dünyanın alt sahilində öz reputasiyasını əsl döyüşçü inadkarlığı ilə qoruyan bir babası var. Üzünü heç vaxt görmədiyi. Süvari alayının komandiri. Müharibə qəhrəmanı. Müharibə qurbanı!..
Mən onun öz kürsüsündə – at belində ildırım kimi çaxan baxışlarını, gözlərində şölələnən mərmi partlayışlarını görürəm hər gün! Hər gün torpağı şumlayan at dırnaqlarının cəngisində barıt qoxulu səsini eşidirəm: “Arxanca danışanları, kölgəni qılınclayanları boş ver, dostum, boş ver! Heç kürəyinə xəncər saplayanlara doğru çevrilməyəcəksən! Çünki istənilən halda bu, geridönüş olacaq!..”
Haqlısan, cənab polkovnik, haqlısan. Bu günümün içində axtardığım nə varsa, hamısını sabahımın içində tapdım!..
Amma indi uzun illərin sükutundan sonra əsl uşaq heyrətilə əllərimi sənin qulağına söykəyib pıçıldamaq istədiklərim də var, baba. Səndən eşitmədiklərimi sənə eşitdirmək istəyirəm: Çox vaxt yaxında olanları görmək üçün çox vaxt uzaqda olanlara baxmalısan! Çünki yalnız bu halda görə bilərsən ki, məsələn, müəllimləri dolanışıq xətrinə yer şumlamağa, soğan əkməyə göndərən bəzi millət vəkillərinin təqdimatında bizim hətta ən uğurlu cütçü obrazımız, əslində, gecə-gündüz torpaqla əlləşən hətta ən uğursuz əkinçi obrazının təhrif və təhqir olunmuş forması – karikaturasıdı. Alt və üst qatlarında yalnız güzaran psixologiyası! Soğanı tək hədəfinə çevirmiş kütləvi axın! Və o axının təbii, ancaq uğursuz proqnozlorla dolu iradəmizdənkənar qravitasiyası. Yəni tezliyində geridönüşünü istər-istəməz bundan da betəri ilə, məsələn, Afrika cəngəllikləri və bir qarnı ac, bir qarnı tox toplumla rəsmləşdirən!
Nəhayət, üstündən soğan iyi gələn müəllimlərin təpədən-dırnağadək silahlanmış bir dünyada öz insanını dəryazla, kətmənlə düşmən qabağına çıxarmaq, qırğına vermək cəhdi! İnterpritasiyasında intellektin, məntiqin və alqoritmin daha ağır, daha çılpaq konstruksiyası: Eyni səhvi yenidən təkrarlayırsansa, eyni faciəni yenidən yaşayacaqsan!..
Məsələn, Mart qırğınlarını! Özü də ən azı yüz ildə üç dəfə! Yəni, sən də, sənin övladın da, sənin nəvən də! Tariximizin və taleyimizin səhnəsində ən yaxın keçmişimizdən ən uzaq indimizədək ən təzə yaddaşımızın ən boyat görüntüsüdü bu: alt şüurda dünənki faciələrimizi bu günümüzə daşıyan, yaddan çıxmağa, köhnəlməyə qoymayan!..
Kondisiyası yalnız admiral Robert Piri ilə eskimo qəbilə başçısı arasındakı məşhur dialoqu xatırlatmır, həm də kürəyimizdən dürtmələyə-dürtmələyə bizi zorla ikinci tərəfin prototipi qismində düşünməyə və danışmağa – şələ-şüləmizi yığışdırıb keçmişə daşınmağa vadar edir…
Beləlilkə, paqonlu etnoqraf dərin düşüncələrə dalmış qəbilə başçısından nəsə işıqlı bir söz eşitmək ümidi ilə soruşur:
– Nə düşünürsən?
– Nə düşünəcəm!!? Heç nə! Evimdə kifayət qədər ətim var!..
Yəqin razılaşarsız, indi şüurumuzda mövqeyimizi eyni məxrəcdə birləşdirən bir üstün fikir dolaşır ancaq: eşidə biləcəyimiz çoxsaylı cavabların vəhşi təbiətdən gələn ən uğursuz və bəsit versiyası. Yəni, qəbilə başçısının cavabında insanı alçaldan, təhqir edən və öz həqiqi simasından çıxaran qorxulu məqamlar var; barışmaq istəmədiyimiz! Əgər rastlaşsaq və gücümüz çatsa (!), qolumuzu çırmalayıb yarıçılpaq mağara sakininin çənəsini qırarıq, dişlərini qarnına tökərik, dilini kökündən qopararıq. Ya da öz bər-bəzəkli fəlsəfəmizlə onu qabağımıza qatıb dünyaya gəldiyi yerədək qovarıq.
Amma… heç bir halda yalanda, riyakarlıqda, ikiüzlülükdə ittiham edə bilmərik!..
O səmimidi! Öz cavabı ilə dünənində və bu günündə gördüyü, sabahında isə görmək istədiyi dünyasını var gücü ilə qoruyur. Əsl simasını gizlətməyə ehtiyac duymur. “Başqaları haqqımda nə düşünər?” kimi kompleksi yoxdu! Öz üzərində özündən “böyük”lərin təpkisini hiss etmir. Onun öz sivilizasiyası, öz həqiqəti var! O (bizdən) güclüdü! Çünki öz həqiqətinin yanındadı. Öz həqiqətinin əsgəridi!..
Öz səngərində oturub ağ-qara dünyasından verdiyi iddialı mesajları ilə bizim rəngli səhnəmizin altını üstünə çevirir! Əksəriyyətimizə səmimiyyət dərsi keçir! Əlimizə ürəyimizin yerini – yolunu tanıdır və israrla köhnə(lməyən) sualların təzə cavabları haqqında düşünməyimizi tələb edir:
Ocaq üstündə bişirdiyi alaçiy əti çirkli əllərilə gözünə təpən qəbilə başçısı ilə müqayisədə, bizim o əti lüks mətbəximizdə, bahalı ədvalarla bişirməyimiz və çəngəl-bıçaqla yeməyimiz, görəsən, nə qədər düşüncə fərqi yaradır!!?
Ümumiyyətlə, yaradırmı!!?.
Gəlin haqqında danışdıqlarımızın ağır və acı həqiqətlərlə dolu illüstrasiyasına nəzər yetirək və hər gün daha çox nəm çəkən freskalara baxa-baxa etiraf edək ki, öz müəllimindən 10-15 dəfə artıq məvacib alan, imtiyaz sahibi olan millət vəkili ona yazıb-oxumağı öyrədən adamı yer şumlamaq, soğan əkmək nədi, ürəyi hara istəsə, göndərə bilər! Niyə də göndərməsin!!?
Axı hadisələrin politrası baxış bucaqlarımıza kəskin təsiri ilə ilk növbədə yaradıcılıq imkanlarımızı məhdudlaşdırır, obyektivliymizə limit qoyur. Qarşılığında isə qərar qəbul etməyin, nəticə çıxarmağın asan görünməsi çox vaxt vəziyyətin mürəkkəbliyini şərtləndirən əsas (və tək) barometrə çevrilir! Qarşımızda kəskin illüziyalar – ciddi maneələr yer alıb. Səhnə önündəki ilğım səhnə arxasındakı xaos haqqında düşünməyimizə macal vermir. Burada bir yanlış həll doqquz doğru cavabı küncə sıxışdırır, sıradan çıxarır.
“Bir”in “doqquz”dan güclü göründüyü nadir anomal hadisə! Nə məntiqə söykənir, nə də cəbrə!..
Çünki görünən yalnız məvacib və dolanışıq fərqi deyil. Ona qalsa, pedaqoji fəaliyyətimin son beş ili ərzində mənim dövlətim mənim məvacibimi dörd dəfə artırıb. “Orta hesab”sız, “təqribən”siz! Ciddi statistikadı! Söhbəti “qarın davası”na yönləndirmək istəyənlər üçün xatırladıram. Və öz fikirlərimin komponentini ideyalar birjasından gələn və yəqin, çoxluğun mədəsinə yumruq kimi çırpılacaq daha tutarlı mesajlarla çatdırıram: yer nemətlərindən dördəlli yapışmağımızın bədəli itirdiklərimizlə müqayisədə heç nə ilə ödənməz! İnsan maddi olanlara var gücü ilə bağlanmasaydı, qartal kimi göy üzündə qıy vurardı!
Bizi ayaqlarımızdan yapışıb o sahilsiz ənginlikdən ayıran isə məvacib və dolanışıq fərqi deyil! Düşüncə fərqidi! Düşüncə fərqi – həyatdakı hədəflərimizin əşyaviləşdiyi (maddiləşdiyi) dibsiz uçurumdu; gələcəyə aparan mənəvi və intellektual yola ayaq verməyən! Hər il onlarla istedadlı gəncimizi yad diyarlara göndərən və imkanlı yabançıların əli altında işlədən!..
Məndən düşmən obrazı yaratmağa tələsməyin; vaxtınız və imkanınız çox olacaq hələ! Onsuz da son sorğumun nəticələrinə görə özümü məğlub durumda görürəm: dərs dediyim istedadlı uşaqların mütləq əksəriyyəti orta məktəbi bitirən kimi ölkədən çıxmaq və bir daha geri dönməmək (!) haqqında düşünür! Bəlkə, heç uzağa getməyək. Bəlkə, sizə elə öz doğma övladımdan danışım. Mənim övladım mənim ölkəmin ən nüfuzlu təhsil ocağında oxuyurdu; özü də təqaüdlə. Amma nə vaxtsa onu İngiltərə və Almaniyada təhsil almaq şansından məhrum etdiyimə görə indinin özündə də mənimlə barışmır. İndinin özündə də atası ilə (mənən) küsülüdü! Düşüncəsində İngiltərədədi, Almaniyadadı indinin özündə də…
Meydanda düşünən beyinlərimizin istismarı – gizli və təhlükəli işğal faktı var! On bir il əzab-əziyyətlə yetişdirdiyimiz uşaqları əlimizdən alırlar! Heç ruhumuz incimir!
ÇÜNKİ: biz özümüz onları düşüncəmizdəki yerlərə – Harvarda, Kral Kollecinə… göndəririk; toy-bayramla, fəxrlə təslim edirik. Vətəni qürbətə, qürbəti Vətənə çeviririk!..
ÇÜNKİ: nə düşündüyümüz kimi danışırıq, nə də danışdığımız kimi yaşayırıq!..
CÜNKİ: biz düşüncəmizdən yıxılmışıq! Düşüncəmiz bizim yıxıldığımız yerdi çünki…
ÇÜNKİ: özündə körpüləri yandırmaq cəsarəti tapmayan, bizi də var gücü ilə keçmişə – bataqlığa sürükləməyə çalışan gerizəkalı qorxaqların elliyi bir Ernan Kortes şəxsiyyəti qədər deyil! Amma hər birinin fizioloji varlığı, cəsarətli ispan konkistadorunu öz hədəfinə doğru atdığı hər addımda gözləyən real ölüm riskindən daha təhlükəlidi!..
ÇÜNKİ: geriyə aparan yolun varsa, irəliyə aparan yolun yoxdu, demək!..
Bunlar ya nə danışdıqlarını bilmirlər, ya da bilmədiklərini danışırlar…
Mən onların mənasız və məzmunsuz iddiası üçün çeşid-çeşid virtual çərçivə seçmişəm; dörd çatılmış kibrit çöpündən tutmuş, dörd atılmış qələm içliyinədək. Amma bu, o çərçivələri asmaq üçün tapa bildiyim yeganə fondu: Qəbilə təfəkkürü – icma renessansı! Çəngəl-bıçaqlı, qalstuklu!..
Önündə kütlə təpkisi! Kütlə qəzəbi! Hər an yeni alternativləri ilə iradəmizi sınağa çəkən, mənimizə meydan oxuyan! Və hər fürsətdə var gücü ilə üstümüzə bağıra-bağıra bizə öz hökmünü – gerçəyini tanıdan:
Mənim həqiqətim sənin üz tuta biləcəyin yeganə ünvandı!
İstədiyin adama çevrilməsən, istənilən adama çevriləcəksən!..
Yoxsa kimin harada olduğunu məyyənləşdirmək niyə bu qədər ağır, niyə bu qədər çətin olsun ki! Oturduğun yerdə həyatın faniliyindən diksinib istər-istəməz insanın böyüklüyü, əbədiyyətin darısqallığı haqqında düşünəsən! Və öz-özünü inandırasan ki, sel suları kimi bulanıq kaianatımızdan hardasa elə bircə durulmaq xətrinə başını götürüb qaçanlar da var.
Dünyadan uzaqda yaşayanlar…
Günəşin çobanları!..