Bakıda tıxac əlindən tərpənmək olmur: yolda tıxaca düşən maşınlara baxırsan – əksəri son model, bahalı. Adamların əksəri elə yekəlikdə maşın sürür ki, avtozolağın, az qala, 1,5-ni zəbt edir, mühərrikin gücü filan qədər, 100-ə 25 litr yandırır. Kasıb şəhərdə də bu qədər bahalı maşın olar? Kasıb şəhərdə də ev boyda avtomobillə işə gedərlər?
Restoranlara gedirsən – oturmağa yer yox, gərək bir ay əvvəldən masa sifariş edəsən!
Mollara, ticarət mərkəzlərinə gedirsən – adamlar basırıq, kassaların önündə az qala saatlarla növbə. Bu ölkədə ən mənasız paltarların ən baha qiymətə satıldığı “Zara”da iynə atırsan, adam əlindən yerə düşmür.
“Makdonalds” deyə ümumiləşdirdiyimiz fəst-fud qəlyanaltı yerlərinə daxil olursan – adamlar ayaqüstə, bir-birini güdürlər ki, tez yeyib-dursun, onun yerində otursun. Və Bakıdakı bu “fəst-fudlar” qonşu ölkələrdəki filialları ilə müqayisədə 2-3 dəfə bahalı…
ABŞ-da Ayfon-16-nın təqdimat mərasiminə tam-tamına bir həftə qalmış Bakıda bu məhsul nəinki satışa çıxarılır, hətta elan edilir ki, camaat, basırıq salmayın, gəlməyin – birinci partiya gətirilənlər bitdi, gözləyin, dalı gələcək! Yəni bir amerikalı yeni model ilk Ayfonu əlinə alana qədər bakılı onu artıq köhnəldir! Və bu məhsul ABŞ-dan, Çindən Bakıda 4-5 dəfə bahasına satılır!
Ötən dəfə son model avtomobilin xüsusi versiyasından – adını da tələffüz edə bilmirəm, “Buqatti”dir-nədir, ondan – 48 ədəd hazırlandığı bildirilmişdi, məlum oldu ki, dünya üzrə 48 ədəddən 16-sı Azərbaycana satılıb.
Metroya girirsən – hamının əlində ən bahalı telefon, ən bahalı brendlərdən geyimli insanlar; hələ onu demirəm ki, 50%-i gül kimi burnunu, dodağını filan qədər pul töküb, “estetik” etdirib… Hələ bəzi kişilər də başlayıb burun əməliyyatlarına. “Kişidi”lər axı! Və bu “kişilər” sürətlə ictimai statuslar əldə edirlər – arxalarından da elə kişilər çıxır ki…
Usta axtarırsan – deyir, filan qədər verməsən, evdən çıxan deyiləm. Bu “acdırsa”, niyə qiymət oxuyur?
İşçi gəzirsən, yalvarırsan – deyir, uzaqdır iş yeri, bu boyda yolu getmək ləzzət eləmir: ofisinizi gətirin evimin yanına, iş saatını da sərbəst edin, istədiyim vaxt gəlib-gedim, ayıma da orta aylıq əmək haqqının 4 mislini verin – yoxsa sərf eləmir. Bu acdırsa, niyə iş yerinin uzaqlığı buna “sərf eləməsin” ki!
Bu ölkədə ən “münasib” işaxtaran Elmar Məmmədyarovun davamçılarıdır – evdən işləmək üçün iş axtarırlar.
Taksi çağırırsan – deyir, sizin yerləşdiyiniz ərazi məndən 50 metr uzaqlıqdadır, gəlmirəm, sərf eləmir, ya durduğum yerdən müştəri götürəcəm, ya da lazım deyil, işləmirəm. Bunun evdə “bir ton” ehtiyatı yoxdursa, niyə işləməsin ki?!
Bu ölkədə ticarət mərkəzlərinin, brend mağazaların sayı həndəsi silsilə ilə artır – alan var ki, bu qədər mağazalar açılır da!
Cənubi Qafqazın ən bahalı şəhəridir Bakıdır: alan-satan yoxsa, bu qədər bahalı niyə olsun ki!
O boyda İlon Maskın oturmağa düz-əməlli bir evi yoxdur, 12 uşaqla qalıb kirələrdə, bizdə bir çoxu Bakıda və Azərbaycanda evlərinin, villalarının sayını itirib. Elələri var ki, villa tikib, bir dəfə də qapısını açmayıb, mülk sökülüb-tökülür, adamın yadına da düşmür ki, elə bir evi var. Amma dalını tikir, alır, təmir etdirir…
…Yeri gəlmişkən, o şıdırğı yağış yağdığı, yeraltı keçidlərin dolduğu, şəhərin küçələrinin şəlaləyə döndüyü, çox-çox hörmətli merimizin körpülərə şəxsən baş çəkdiyi gün tanınmış ictimai fəalımız bütün şəhəri bir dövr vurmuşdu, yolların bom-boş olduğunu, heç bir yeri su basmadığını şəxsən müşahidə etmişdi və haqlı sual vermişdi ki, ay xalq, nədən narazısınız?
Doğrudan da: axı siz nədən narazısınız?