Gədəbəy rayonu, Maarif kəndində Dövlət Əmlak Xidmətinin vəzifəli şəxsinin təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edilib.
AzerTimes-ın Qaynarinfo-ya istinadən məlumatına görə, DƏX-nin regional idarəsinin vəzifəli şəxsi, mütəxəssis İlqar Məmmədov Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin sorğusuna əsasən icra işi ilə əlaqədar ölçmə işlərinin aparılması üçün Şəmkir rayonundan Maarif kəndinə gedib.
Ölçmə işləri aparmaq istəyən zaman 1980-ci il təvəllüdlü kənd sakini, özünü mübahisəli ərazinin sahibi kimi təqdim edən şəxs Zamin Ədilov (ad-soyad şərti) İlqar Məmmədovla mübahisə etməyə başlayıb, onu nalayiq söyüşlərlə söyüb, şərəf və ləyəqətini alçaldıb. Əsəbiləşən İlqar Məmmədovun təzyiqi qalxıb və təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb.
Onun şikayəti əsasında həmin şəxs saxlanılıb, barəsində İnzibati Xətlar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məmur saxlanılan şəxsdən şikayətçi olduğunu, onun barəsində həbslə əlaqədar olan inzibati tənbeh verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində həbs edilib.