Məmnunluqla qeyd edirik ki, Azərbaycan və Qırğız Respublikası arasında hər hansı siyasi ziddiyyət yoxdur – Sadır Japarov

Məmnunluqla qeyd edirik ki, Azərbaycan və Qırğız Respublikası
arasında hər hansı siyasi ziddiyyət yoxdur.

Trend xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti
Sadır Japarov Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş
zamanı deyib.

Qırğız dövlət başçısı bildirib:

“İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət
etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Azərbaycanlı
qardaşlarımız tərəfindən ənənəvi qonaqpərvərliyə və səmimi qəbula
görə bizim nümayəndə heyəti adından təşəkkürümü bildirirəm.
Fikrimcə, rəmzi haldır ki, bizim bugünkü görüşümüz Qırğız
Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və
Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası
ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər
qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Vurğulamaq
lazımdır ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin
əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli
lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub
saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik
sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir.
Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan
münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı
əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında
dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd
edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur.
Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu
səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə
əməkdaşlığımızı genişləndirməyə borcluyuq.

Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli
münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası
ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir”.

Teqlər: