“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri və qalibləri arasında görüşlər davam edir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Orxan Zakirovla görüşüb.
M.Abbaszadə intellektual və idarəçilik bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsində, eləcə də ölkəmizdə kadr ehtiyatı bankının formalaşmasında “Yüksəliş” müsabiqəsinin yaratdığı imkanları qeyd edib.
Sədr fərdi inkişaf proqramı çərçivəsində Orxan Zakirovla əməkdaşlıq edəcəyini, onunla öz təcrübə və biliklərini bölüşəcəyini və gələcək idarəçi rəhbər kimi potensialının daha da inkişaf etdirilməsi üçün köməklik göstərəcəyini bildirib.
Orxan Zakirov müsabiqənin bu mərhələsində təcrübə qazanmaq imkanı və qarşılıqlı əməkdaşlığın onun karyerasının inkişafı üçün faydalı olacağından əminliyini ifadə edib.
“Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Ombudsman Səbinə Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov daxildirlər.
Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.