Məktəblilər “Azərişığ”ın elektrik yarımstansiyasında – Video

Məktəblilər “Azərişığ”ın elektrik yarımstansiyasında – Video

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) aidiyyəti qurumları tərəfindən ölkə ərazisində elektrik avadanlıqlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, vətəndaşlar tərəfindən bir sıra hallarda elektrik cihazlarından düzgün istifadə olunmaması səbəbindən bir sıra xoşagəlməz hadisələr baş verir, vətəndaşların sağlamlığına və mülkiyyətinə ciddi ziyan dəyir.

AzerTimes xəbər verir ki, belə xoşagəlməz halların baş verməməsi, eləcə də yeniyetmə və gənclərdə bu sahənin incəliklərinə bələd olmaq məqsədilə Qəbələdə yeni istifadəyə verilən 110 KV-luq “Hacallı” elektrik yarımstansiyasına məktəblilərin turu təşkil edilib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tur çərçivəsində yeniyetmə və gənclərə mülkü müdafiə tədbirləri izah edilib, ölkəmizdə elektroenergetika sahəsində həyata keçirilən işlər barədə məlumat verilib. Məqsəd həm də onları maarifləndirmək, bu sahəyə maraq oyatmaqdır.

Şagirdləri və onları müşayiət edən müəllimi elektrik yarımstansiyanın həyətində səhmdar cəmiyyətin Mülkü Müdafiə Qərargahının əməkdaşları qarşılayıblar. Məlumat verilib ki, Prezident İlham Əliyevin açılışını etdiyi 110 KV-luq “Hacallı” elektrik yarımstansiyası 22 kəndi, bir aeroportu, bir dəmiryol vağzalını və suvarma sistemlərini elektrik enerjisi ilə təmin edir.

O da diqqətə çatdırılıb ki, yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz müasir şəbəkə poliqonu və Yaşıl Enerji təlim poliqonundan ibarətdir.

Şagirdlərdə elektrik yarımstansiya barədə ilkin təəssürat yaradandan sonra onlar təlim mərkəzində Mülkü Müdafiə təlim-məşqlərinə cəlb ediliblər. Burada məktəblilərə elektrik avadanlıqları və onlardan istifadə qaydaları, baş verə biləcək hadisələr zamanı davranışlar izah edilib, praktiki məşğələ keçirilib.

Daha sonra elektrik yarımstansiyasının həyətində praktiki mülkü müdafiə təlimi icra olunub. Məktəblilərə davranış qaydaları izah edilib.

Məktəbin hərbi hazırlıq müəllimi Hikmət Əsədov fürsətdən istifadə edib şagirdlərə elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyasının inşa olunması, onların tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılmasının mümkün olacağı barədə məlumat verib.

Məktəblilərin dərs ilinin sonunda belə bir məkana dəvət olunmasından, praktiki məşq və məşğələlərdən razı qaldıqlarını və xoş ovqatla ayrıldıqlarını bildiriblər.

Sonda məktəblilərə “Azərişıq” tərəfindən xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edilib.

Teqlər: