Məktəblərdə xarici dil tədrisində islahat təklif edilir

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumtəhsil müəssisələrində xarici dil tədrisinə dair islahat təklifləri ilə çıxış edib.

AzerTimes-ın məlumatına görə, bunu ARTİ-nin direktoru Rüfət Əzizov deyib.

Təkliflər ARTİ-nin müvafiq şöbələrinin birgə araşdırmalarından və Elmi şurada müzakirələrdən sonra formalaşıb.

R.Əzizov qeyd edib ki, ölkədə ümumi təhsil məktəblərində xarici dil (əsasən ingilis dili) 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur, lakin məzun olanların çoxu tədris aldıqları xarici dildə fikirlərini rahat şəkildə ifadə edə bilmir. Ən bariz reallıqlardan biri budur ki, hazırda ümumtəhsil məktəblərində tədris olunan xarici dillər (ingilis, fransız, alman və rus) ali məktəblərə qəbul və buraxılış imtahanlarında yüksək nəticə göstərmək ehtiyacı üçün maraq dairəsindədir. Bu istiqamətdə isə təəssüf ki, uzun müddətdir dil öyrənməkdən daha çox dil qaydaları öyrədilir. Bu isə insanın təbii dil öyrənmə qabiliyyəti ilə uzlaşmır.

Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi (CEFR) fərqli ölkələrdən olan tələbələrin dil biliklərini müqayisə etmək imkanı yaradır. CEFR-in təqdim etdiyi sistem əsasında xarici dili mənimsəyən şagirdlər beynəlxalq dil biliklərini yoxlayan qiymətləndirmələrdə asanlıqla yüksək nəticə göstərirlər.

Xarici dil təmayüllü siniflər və gimnaziyaların yaradılması əhəmiyyətli həll yolu kimi təklif olunur. 5-10 faiz məktəblərdə gələcək 5 ildə xarici dilin intensiv tədrisinin təşkili hədəf olaraq təklif olunur.

Mövcud tədris planında ibtidai siniflərdə həftədə cəmi bir dəfə xarici dil keçirilir. Nəzərə alsaq ki, bu yaş dövrü dil öyrənilməsi üçün ən uyğun vaxtdır, xarici dilə ayrılan saatların 1-2 saat artırılması məqsədəuyğun olardı. Dərsdənkənar məşğələlərdə xarici dildə sistemli tədbirlərin təşkili şagirdlərdə xarici dilə marağı artırmağa, xarici dildə nitq bacarıqlarının inkişaf etdirilməsinin davamlılığına nail olmağa imkan yarada bilər. Xarici dil təmayüllü siniflər və gimnaziyaların yaradılması da problemin əhəmiyyətli həll yollarından biridir. 5-10 faiz məktəblərdə gələcək 5 ildə xarici dilin intensiv tədrisinin təşkili hədəf olaraq təklif olunur.

Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır.

Müəllim hazırlığı xarici dillərin öyrədilməsində ən vacib amillərdən biridir. Etiraf etmək lazımdır ki, bu sahədə müəllimlərin səviyyəsi qənaətbəxş deyil. Müəllim tədris etdiyi dildə tam sərbəst danışa bilmirsə, kommunikasiya qura bilmirsə, həmin müəllimdən dərsi kommunikativ keçməyi necə tələb etmək olar? Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Azərbaycanda xarici dil tədris edən müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır. Müəllim xarici dil dərsində motiv yaratmalıdır. Dərs mühiti monoton olmamalı, bir metoddan istifadə olunmaqla keçirilməməlidir. Bu da sübut olunub ki, istənilən dərs prosesində şagirdin diqqəti 8-10 dəqiqədən sonra yayınır. Şagirdlərdə maraq oyatmaq məqsədilə bir neçə dəqiqədən sonra fəaliyyət növünü dəyişərək digərinə keçmək zəruridir.

Twitter:@cingizsafarli

Teqlər: