Məktəblərdə tədrisin qismən bərpası Bakıda tıxaclara səbəb olub – Vaqif Əsədov

Xəbər - Samir Əli – Trend:

Bəzi iş və xidmət sahələrinin, o cümlədən məktəblərdə tədrisin bərpa olunması şəhər yollarında yenidən sıxlığa səbəb olub.

Bunu AzerTimes-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejiminin yumuşaldılması paytaxda nəqliyyat vasitələrinin hərəkətində intensivliyin artmasına səbəb olub: “Xüsusilə, paytaxtın “20 Yanvar”, “Şamaxinka”, “Tbilisi prospekti” və “Şimal qapısı” adlanan ərazilərindən mərkəzə doğru güclü sıxlıq müşahidə olunur.

Rəsmi statistikaya görə, hər 4 avtomobildən biri sözügedən ərazilərdə ən azı bir dəqiqə saxlayaraq sərnişinlərin düşməsini gözləyir. Bundan başqa, vətəndaşların piyada keçidlərindən istifadə etməməsi də yollarda sıxlıq yaradan səbəblərdəndir.”

V.Əsədov məktəblərin açılması ilə bağlı valideynlərə müraciət də edib: “Bəzi valideynlər avtomobili uyğunsuz yerdə qanunsuz park edərək süni sıxlıq yaradırlar. Aparılan müşahidələr onu göstərir ki, bir sürücünün yolun hərəkət hissəsində və yaxud ikinci cərgədə qanunsuz olaraq 30 saniyə saxlaması bir istiqamətli iki hərəkət zolağı olan yolda daralmaya və 60-a yaxın sürücünün 5-7 dəqiqə ünvana gecikməsinə səbəb olur. Dayanma-durma qaydalarına əməl edilməsi bu gün ən prioritet məsələlərdən biridir. Buna görə də, bütün valideynlərdən bir daha xahiş edirik ki, tədris müəssələrinin yaxınlığında dayanma-durma qaydalarına əməl etsinlər.”

Bölmə rəisi qeyd edib ki, bu gün yol polisi tərəfindən sıxlıq müşahidə olunan ərazilərdə hərəkətin davamlı tənzimlənməsi üçün işlər görülüb. Bütün bu işlər yol polisi və digər polislər tərəfindən davam etdirilir.

Teqlər: