Xəbər - Çingiz Səfərli – Trend:
Universiteti bitirənlərin sonradan işsiz qalmaması üçün məktəblərdə karyera planlaşdırılması dərsi tədris olunmalıdır.
Bunu AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, ölkədə karyera planlaşdırılmasında problemlər var. Hazırda 1 milyondan çox ali təhsilli şəxs olmasına baxmayaraq əmək bazarının tələblərinə cavab verən şəxs tapmaq çətindir:
“Məktəblərdə karyera planlaşdırılması dərsinin keçirilməlidir ki, uşaqlar ixtisas seçimini düz etsinlər, çünki ixtisas seçimi iqtisadiyyata girişin ən vacib sütunlarından biridir. İxtisasını özlərinə uyğun seçsələr, həm vaxt itirməyəcəklər, həm sonradan kiminsə yerini tutmayacaqlar, həm də dəyişməyə ehtiyac duymayacaqlar. Apardığım araşdırmalar əsasında deyə bilərəm ki, ötən 5 ildə Azərbaycanda ən çox ərzaq və qeyri-ərzaq məhsullarının satıcıları, ictimai işlərdə çalışanlar, menecerlər, müəllimlər, tikinti və sənaye fəhlələri, ustalar, kommunal xidmətlər sahəsində çalışanlar, müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sürücüləri, mühafizəçilər ilə əmək müqavilələri bağlanıb. Amma deyə bilərəm ki, Azərbaycanda gələcəkdə məlumatların təhlili və analizi, süni intellekt və maşın öyrənməsi, böyük məlumatlar (Big Data) bazası, rəqəmsal marketinq və strategiya, habelə prosesin avtomatlaşdırılması mütəxəssislərinə böyük tələbat yaranacağı gözlənilir”.
Ekspertin sözlərinə görə, Son 10 ilin təhlilinə nəzər salanda, kargüzarlıq, mühasibatlıq, audit, müştəri xidmətləri, maliyyə analizi, satış nümayəndələri və inşaat işçilərinin əmək bazarında aktuallığını itirməyən peşə və ixtisaslar sırasında olduğu görünür:
“Əmək bazarının təhlilini apararkən müşahidə edirik ki, iki fərqli qütb var. Bir tərəfdə kifayət qədər çox işçi axtaran, digər tərəfdə isə işə ehtiyacı olan şəxslər var. Hesab edirəm ki, başlıca işlərimizdən biri bunu müqayisə etmək və bunun nəticəsində ortaya təhlillər çıxarmaq, eləcə də əmək bazarının gedişatını dəyişmək olmalıdır. Çünki müşahidələrimiz göstərir ki, bu iki məfhum arasında böyük qopuqluq var. Tərəfləri günahlandırmaq doğru deyil. Daha çox peşə ixtisası olmayan və bu günün əmək bazarının tələblərinə cavab verməyən işaxtaranlar çoxdur. Digər tərəfdən isə müasir mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələbləri olan peşəkarlara ehtiyac var. Əvvəlki mühitdə formalaşan əmək bazarı iştirakçıları var ki, onlar bu gün müasir əmək bazarının tələblərinə uyğun deyil. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq peşəyönümü, karyera planlaması istiqamətində köklü addımlar atması üçün təkliflər veririk ki, yeni nəsil müasir əmək bazarının tələblərinə uyğun yetişsin”.
Kamran Əsədov onu da bildirib ki, daha çox sürücü, bağban, fəhlə, yəni ali və peşə təhsilinə ehtiyacı olmayan şəxslər işaxtaran kimi müraciət edir. Bu növ işçilərə də tələb azdır:
“Səbəb böyük müəssisədə daha çox peşəkar və peşəsi olan işçilərə ehtiyacın olmasıdır. Peşə və ixtisası olmayan üçün ictimai işlərin kvotası bu il üçün 56 min şəxs ətrafında nəzərdə tutulub. İctmai işlər üçün də kifayət qədər müraciət var. Bu işlər üçün təqdim olunan vakansiyalar mütəmadi olaraq yenilənir. İşaxtaran kimi müraciət edib sonradan narazı qalan vətəndaşlara gəlincə, peşə ixtisası olmayan biri hansısa peşə ixtisası tələb olunan vakansiyaya müraciət edirsə təbii ki, həmin şirkət vakansiyaya uyğun olmadığını müəyyən etdikdə geridönüş etmir. Özəl sektor da öz işçi heyətini özü formalaşdırır. Ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxırlar. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu səbəbdən son illər əmək bazarında ciddi dəyişikliklər baş verib. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb”.
Ekspertin sözlərinə görə, valideynlər sovet dövründə olduğu kimi, indi də övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib:
“Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Ümumilikdə araşdırmalarım nəticəsində qeyd edə bilərəm ki, əmək bazarında İKT sahəsi üzrə peşələrə; proqramçı, kompyuter mühasibliyi, kompyuter texnikasının təmiri ustası, kompyuterçi dizayner, internet üzrə operator və s., həmçinin müxtəlif xidmət sahələri üzrə peşələrə; aşpaz, ofisiant, barmen, mehmanxana qulluqçusu, bərbər və s., eyni zamanda ixtisaslı fəhlə peşələrinə; elektrik-qaz qaynaqçısı, avtomobilin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, rəngsaz, elektrik qaz qaynaqçısı, dülgər-xarrat, mebel quraşdırıcısı, çilingər-yığıcı, tikişçi, elektrik avadanlıqlarının tənzimləyicisi, geniş profilli dəzgahçı, xalçaçı, şəbəkəçi, traktorçu-maşınçı, qənnadçı və s. peşələrə böyük ehtiyac var”.
Twitter:@cingizsafarli