Məktəblərdə bufet və yeməkxanalar bu qaydalarla işləyəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Təhsil müəssisələrində pandemiya dövründə yeməkxanaların hansı qaydada işləyəcəyi müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur, təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır, ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır, yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır.


Həmçinin yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır, yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir, yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla), təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.

Teqlər: