Məktəblər yeni sistemə keçir: Adambaşı maliyyələşmə nədir?

Məktəblər yeni sistemə keçir: Adambaşı maliyyələşmə nədir?

Elm və təhsil naziri Emin Əmrullayev ilin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçidin planlaşdırıldığını deyib.

Təhsil eksperti Elşən Qafarov AzerTimes-a Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlər əsasında ümumtəhsil məktəblərinin növü və tipinə uyğun olaraq, hər bir şagird üçün maliyyə ayrıldığını bildirib.

Ekspert deyib ki, 100 məktəbdə adambaşına maliyyələşmə sisteminə 2026-cı ildən başlanılmalı idi, ancaq, görünür, proses sürətləndirilir:

“2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisləri bu sistemlə idarə olunur. 13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, təhsil naziri sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir”.

Ekspert bildirib ki, uğurlu nəticə əldə etmək üçün adambaşına maliyyə sisteminə keçiddən öncə bir sıra məsələlər həllini tapmalıdır:

“Əvvəla, hər bir ümumtəhsil məktəbinə görə maliyyə normativləri açıqlanmalıdır – adambaşına nə qədər xərc düşür? Ardınca məktəb rəhbərləri bu maliyyəni idarə edə biləcək qədər bilik və bacarıqlara malik olmalıdır. Qarşıda rentabelli olması üçün isə kiçik məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi, ardınca məktəblərin tam orta təhsil səviyyəsinin ayrılması kimi xeyli işlər durur. Ona görə də bu məsələdə tələsmək daha böyük fəsadlar törədə bilər. Amma hədəf Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılmasıdır və bu proses qaçılmazdır”.

Teqlər: