Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Uno mas Uno” qəzetində Azərbaycanın müstəqillik tarixi və respublikamızla Meksika arasındakı münasibətlərdən bəhs edilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, tanınmış meksikalı jurnalist Federiko Lamontun müəllifi olduğu məqalədə Mexiko şəhərində keçirilmiş, Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyinə həsr olunmuş təntənəli tədbir geniş işıqlandırılıb.
Məqalədə, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun çıxışına istinad edilərək, Azərbaycan tarixinin ən parlaq və əlamətdar səhifələrindən biri olan AXC-nin özünün qısa mövcudluğu dövründə dövlət quruculuğu və xalqın rifahının yaxşılaşdırılması istiqamətində demokratik dəyərlərə söykənən xeyli sayda mütərəqqi addımlar atdığı, bu xüsusda millət, irq, din və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar təmin etdiyi, eləcə də əksəriyyət etibarilə müsəlman əhalidən ibarət ölkələr arasında qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə keçdiyi barədə məlumat verilir.
Sonra qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycanın Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə önəmli uğurlara imza atdığı, bu gün isə Prezident İlham Əliyevin səmərəli siyasi və iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi və dünyadakı nüfuzunu getdikcə daha da artırdığı söylənilir.
Həmçinin ölkəmizin BMT və Qoşulmama Hərəkatı kimi mötəbər beynəlxalq təşkilatlarda rolundan bəhs edilir. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyi, ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirildiyi qeyd olunur.
Məqalədə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilir. Bu il 270 illik yubileyi qeyd olunan, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri, orada keçirilən çoxsaylı beynəlxalq mədəni tədbirlərdən bəhs edilir.
Həmçinin bu il Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunduğu, bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanır.