Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi açılıb (FOTO)

30 nəfər üçün nəzərdə tutulan şöbədə yaşayış və sosial reabilitasiya tədbirlərinə cəlb olunmaq üçün müasir şərait yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi açılıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, şöbənin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığı əsasında son illər çoxspektrli sosial xidmətlər sisteminin qurulduğunu, məişət zorakılıqdan zərər çəkmiş şəxslərin də reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduqlarını bildirib. O, dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planını qeyd edib. Həmin sənəddə məişət zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsinin, bu məqsədlə beynəlxalq standartlara uyğun infrastruktur yaradılmasının mühüm yer tutduğunu qeyd edib.

Nazir bildirib ki, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində üç şöbə – baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər və görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün şöbələr fəaliyyət göstərir. Burada fəaliyyətə başlayan yeni dördüncü şöbə qeyd edilən Milli Fəaliyyət Planına uyğun olaraq yaradılıb.

Məişət zorakılığından zərər çəkmiş şəxslər şöbədə sığınacaqla təmin olunmaqla bərabər, onlara psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstəriləcək. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılacaq. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görüləcək.

S.Babayev məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatın operativ əldə olunması və təcili müdaxilə edilərək onların şöbəyə cəlbi məqsədilə “Qaynar xətt”in də tezliklə işə salınacağını deyib.


Nazir sosial xidmətlər sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin də aparıldığını, yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası işlərinin də davam etdiyini deyib.

Sonra yeni şöbəyə baxış olub. 30 nəfər üçün nəzərdə tutulan şöbədə sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Burada sosial işçilər, hüquq məsləhətçisi, psixoloq, sosial pedaqoq, tibb bacısı və nəzarətçilər çalışacaq. Şöbədə məişət zorakılığı qurbanı ilə yanaşı, zəruri hallarda ailə üzvləri ilə birgə yaşaması üçün də şərait yaradılıb.

Şöbəyə qəbul üçün məişət zorakılığından zərər çəkən şəxslər, habelə həmin şəxslərin razılığı ilə qohumları, qanuni nümayəndələri, bələdiyyələr, QHT-ləri və ya digər şəxslərin bu barədə yerli İH orqanlarına, yaxud polis orqanlarına müraciət etməlidirlər. Sosial işçi də dəvət edilməklə onunla birlikdə şəxsin məişət zorakılığına məruz qalması faktı təsdiqləndikdən sonra həmin şəxs şöbəyə qəbul ediləcək.

Nazir Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində də olub, buradakı uşaqlarla görüşüb. 20-dək uşağın yaşadığı bölmədə göstərilən reabilitasiya yönümlü sosial xidmətlərin vəziyyəti ilə tanış olub.

Teqlər: