Məhsul qiymətlərinin dəyişikliklərinə dair aylıq açıqlama verilib

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən
yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il yanvar ayının
qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin yanvar ayı
üzrə müştərilərin ən çox aldığı məhsulların qiymətində keçən ilin
yanvar ayına nisbətən 12,8% artım müşahidə edilib. Belə ki, tez
köhnələn qida məhsullarının qiymətində keçən ilin yanvar ayına
nisbətən 14,8% artım, quru, dondurulmuş qida məhsullarının,
şirniyyat və spirtsiz içkilərin qiymətində 12,8% artım, spirtli
içkilər və tütün məmulatlarının qiymətində isə 9,3% artım
izlənilib.

“Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı
üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır. İndeks son 24
ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı
məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 107,2%
təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində
ortalama 7,2% qiymət artımı müşahidə olunub. Qeyd edək ki, indeks
inflyasiyanın göstəricisi deyil.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya,
logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa
qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini
əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları)
qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq
təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün dəbdə olan
mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafı üçün yeganə
əlverişli yoldur.

Aylar üzrə ümumi qiymət dəyişikliyi:

“Veysəloğlu Pərakəndə İndeksi” ilə bağlı suallarınız
yaranarsa,
[email protected]
e-mailinə yaza bilərsiniz.

“Veysəloğlu Pərakəndə İndeksi” nədir?

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən
çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini
göstərir. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu
düsturdan istifadə olunur:

Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin
qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%

Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay
5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti
yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının
qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır.
Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub.
Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:

Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari
qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın
çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən
aya olan qiyməti)×100%

Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi
hesablanacaq:

(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%

Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət
artımı müşahidə olunur.

“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə
qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq
qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün
büdcə planlamalarına imkan verir.

Teqlər: