Mehriban Əliyeva şəfqət və xeyirxahlıq simvoludur – Deputat

Mehriban Əliyeva şəfqət və xeyirxahlıq simvoludur – Deputat

Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyeva insanlıq, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin unikal harmoniyasını xarizmatik davranış norması ilə tamamlayan bənzərsiz şəxsiyyətdir. Buna görə də o, həm ölkədə, həm də beynəlxalq ictimai fikir platformasında yüksək reytinqi olan şəxsiyyət kimi xarakterizə olunur.Yüksək mənəvi dəyərlərin daşıyıcısı olan Mehriban xanım xalqın ümid yeri olmaqla bərabər, ona göstərilən etimadı şərəflə doğruldur.

AzerTimes xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Millət vəkili qeyd edib ki, Mehriban xanım öz səmərəli fəaliyyəti ilə həm xalqımızın məhəbbətini qazanmış, həm də cənab Prezident İlham Əliyevin sədaqətli silahdaşı kimi gücünə güc qatmışdır:

“Gənc yaşlarından dünyaca şöhrətli bir şəxsiyyət – Heydər Əliyev siyasi məktəbini keçməsi, qazandığı zəngin sosial-mənəvi etimad kapitalı, əsas xarakter cizgilərindən olan insani nəciblik və mərhəmət duyğuları onun kamil bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdır. Təbiidir ki, insanın yetişməsində genetikanın da böyük rolu vardır. Mir Cəlal kimi böyük ədibin, Nəsir İmanquliyev kimi insani keyfiyyətlər mücəssəməsi olan jurnalistin nəvəsi, Arif Paşayev və Aida İmanquliyeva kimi görkəmli alimlərin övladı olmaq, onların nəcib ideallarını yaşatmaq və davam etdirmək kimi missiya daşıyan Mehriban xanım milli ziyalılıqda yeni bir örnək yarada bilmişdir. Onun yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun imza atdığı nəhəng layihələr təkcə Azərbaycanda deyil, dünyada çox böyük rəğbət qazanmış, Azərbaycan dövlətinə və xalqına şərəf və şöhrət gətirmişdir. Mehriban xanım Əliyeva Azərbaycan xalqının adət və ənənələrinə, mili-mənəvi dəyərlərinə verdiyi önəmlə milyonlarla insanın qəlbində özünə əbədi məhəbbət qazanmışdır.

“Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli-bəli, prinsipial-bəli, iradəli-bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”, – deyən Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun ­formalaşmasına böyük töhfələr verən siyasətçi, humanizm ideallarının dünyada tanınan, qəbul edilən daşıyıcısıdır”.

K.Qafarov bildirib ki, ölkənin sosial-iqtisadi-siyasi inkişaf kursu ilə bağlı kompleks layihələrin uğurla həyata keçirilməsində yaxından iştirak edən, daşıdığı vəzifələri ləyaqətlə, vətəndaşlıq duyğuları və millətə ehtiram və sədaqətlə icra edən Mehriban xanım həm də bir ana olaraq insanlara, uşaqlara mənəvi dəstək olmaqdan qürur duyur:

“Çünki xeyirxahlıq onun amalında, şəfqət- mənəviyyatında, dövlətçiliyə sədaqət- əqidəsindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xarizmatik obrazı, cazibadar siması, modern düşüncəsi ilə ölkə qadınlarının şəriksiz lideri olduğunu dəfələrlə nümayiş etdirmişdir”.

Millət vəkili açıqlamasının sonunda deyib ki, Mehriban xanım Əliyeva çoxlu mükafatlar alsa da, ən böyük mükafat olan xalqın məhəbbətini, ehtiramını qazanmağı ilə fəxr edir:

“Milyonlarla insanın sevimlisinə çevrilmək, xeyirxah, səmimi, nəcib insan olaraq şöhrət qazanmaq bütün mükafatlardan üstündür. Bu keyfiyyətləri özündə, ruhunda, varlığında illərdir yaşadan şəxsiyyətin- Mehriban xanım Əliyevanın doğum gününü xalqımızın bütün qədirbilən övladları qeyd edir və ona ilk növbədə cansağlığı, millət və Vətən uğrunda apardığı mücadilədə uğurlar diləyirlər.

Mehriban xanım Əliyeva şəfqət və xeyirxahlıq simvoludur. Mən də Azərbaycanın birinci xanımı, ölkəmizin I vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu illər ərzində gərgin zəhmət bahasına əldə etdiyi nailiyyətlərinə, uğurlarına və bəşəri dəyərlərin qorunması sahəsindəki xidmətlərinə görə təşəkkür edir, şəfqətin və xeyirxahlığın simvoluna çevrilmiş Mehriban xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm!”

Teqlər: