28 sentyabr 2021-ci il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinin evsahibliyində TÜRKPA-nın 10-cu Plenar İclası Türk Dünyasının mənəvi paytaxtı-Türkistanda keçirilib.
AzerTimes xəbər verir ki, iclasın mövzusu “Türk parlamentlərarası əməkdaşlığının perspektivləri” olub.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin və TÜRKPA-nın Fəaliyyətdə olan Sədri N. Niqmatulin açılış nitqi ilə çıxış edib. Plenar İclasda TÜRKPA üzv parlamentlərinin başçıları Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Talant Mamıtov, Türkiyə Böyük Millət Məclinin Sədri Mustafa Şentop, eləcə də Macarıstan Milli Assambleyasının Sədrinin Birinci müavini Marta Matray müşahidəçi qismində və Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Sədr müavini Uluqbek İnoyatov qonaq qismində çıxış edib.
Tədbir parlamentlərin nümayəndə heyətləri, Türk Şurası, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, MDB Parlamentlərarası Assambleyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Ahmet Yesevi Qazax-Türk Universiteti və Manas Qırğız-Türk Universiteti kimi Türk əməkdaşlıq təşkilatlarının, müşahidəçi təşkilatların və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirib.
İclasın gündəliyinə hüquqi sənədlərin layihələri, daimi komissiyaların hesabat məruzəsi və tövsiyə qərarlarının müzakirəsi və qəbul edilməsi, “Kinematoqrafiya və audiovizual əsərlərin istehsalına xarici investisiyaların cəlb edilməsi”, “Kinematoqrafiya”, “Elektron ticarət”, “Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi” üzrə model qanun layihələrinin qəbul edilməsi daxil olub.
Parlament üzvləri – İsmet Uçma (Türkiyə), Rıskeldi Mombekov (Qırğızıstan), Amerxan Raximjanov (Qazaxıstan) və Əhliman Əmiraslanov (Azərbaycan) TÜRKPA-nın daimi komissiyalarının sədrləri, Sauıtbek Abdraxmanov (Qazaxıstan), Nizami Cəfərov (Azərbaycan), Salaidin Aydarov (Qırğızıstan) və Recep Şeker (Türkiyə) sədr müavinləri olaraq seçilib.
Plenar İclasda Mehmet Süreyya Er TÜRKPA-nın baş katibi seçilib. Həmçinin, iclas zamanı Fuad Ələkbərov və Talqat Aduov baş katibin müavinləri seçilib.
TÜRKPA-nın növbəti 11-ci Plenar İclasının 2022-ci ildə Qırğız Respublikasında keçirilməsi qərara alınıb. Sessiya Türkistan Bəyannaməsinin qəbulu ilə başa çatıb.
Plenar İclasdan sonra parlament nümayəndə heyətləri başçılarının iclasın nəticələrinə dair mətbuat brifinqi keçirilib.