Məhkumların təhsilə cəlb edilməsi ilə bağlı mexanizmin yaradılması vacibdir – Könül Nurullayeva

Ombudsmanın illik hesabatında vəkillik peşəsinə qəbul zamanı
dövlət qulluğunda hüquqşünas ixtisası üzrə ən azı 10 il nümunəvi və
fasiləsiz fəaliyyət göstərmiş şəxslərin yazılı test vermədən və
icbari təlimə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə
vəkil olmasına imkan yaradılması üçün qanunvericiliyə əlavə və
dəyişikliklərin edilməsi ilə bağlı verilən təkliflər
təqdirəlayiqdir.

Milli Məclisin deputatı Könül Nurullayeva İnsan hüquqları üzrə
müvəkkilin illik məruzəsinə münasibət bildirərkən belə deyib.
Deputat hesab edir ki, bu şəxslərlə yanaşı, hüquq elmləri üzrə
fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərin də yazılı test
vermədən və icbari təhsilə cəlb olunmadan, yalnız şifahi
müsahibədən keçməklə vəkil olmasına imkan yaradılması ilə bağlı
təklifin nəzərdə tutulması yaxşı olardı.

Məruzədə cəza çəkməkdən azad edilmiş şəxslərin sosiallaşması
məqsədilə regionlar da əhatə olunmaqla sosial adaptasiya
mərkəzlərinin sayının artırılmasına dair də təkliflər var.
K.Nurullayeva bildirib ki, məhkum edilmiş şəxslərin təhsilə cəlb
edilməsi ilə bağlı mexanizmin yaradılması haqqında təklifin nəzərə
alınması da humanist addım olardı.

Deputat qeyd edib ki, Ombudsmanın illik hesabatında uşağın
saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət
tərəfindən ödənilməsi və sonradan borcludan məcburi qaydada
alınması üzrə mexanizmin (Aliment Fondunun) yaradılması ilə bağlı
təklifin yer alması müsbət haldır. Alimentin ödənilməsi ilə bağlı
gecikmələrin olmasını, bu baxımdan uşağın saxlanılmasında müəyyən
çətinliklərin yaşanmasını nəzərə aldıqda Aliment Fondunun
yaradılması çox uğurlu addım olar. Onun sözlərinə görə, uşağın
saxlanılması xərcləri ilə yanaşı, atalığın müəyyən edilməsi üçün
lazım olan vəsaitin də Aliment Fondunun hesabından tutulması ilə
bağlı təklifin nəzərə alınması bu sahədə yaranmış problemləri də
aradan qaldırar.


K.Nurullayeva hesabatda əhalinin həssas qruplarının, o cümlədən
şəhid ailələrinin, müharibə veteranlarının, ahılların, pensiya
yaşına çatmaqda olan vətəndaşların, aztəminatlı və çoxuşaqlı
ailələrin rifah halı, məşğulluq vəziyyəti və işsizlik hallarının
həlli istiqamətində atılan addımlara da münasibıt bildirib. Qeyd
edib ki, Ombudsman institutunun bu sahədə həyata keçirdiyi vacib
işləri digər dövlət institutları ilə birgə davam etdirməsinə böyük
ehtiyac duyulur.

Qeyd edək ki, məruzədə insan haqları sahəsində milli fəaliyyət
proqramının hazırlanıb qəbul edilməsi, əqli mülkiyyət sahəsində
ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə qərarlarının
icrasının çevikliyi və obyektivliyinin artırılması məqsədi ilə icra
qurumları ilə aidiyyəti dövlət orqanları arasında koordinasiyanın
təşkili, sosial adaptasiya mərkəzlərinin sayının artırılması və
digər məsələlərlə bağlı dəyərli təkliflər də yer alıb.

Teqlər: