Məhkumlar koronavirusa qarşı peyvənd ediləcək

Xəbər - Samir Əli – Trend:

Ədliyyə Nazirliyi sistemində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə AzerTimes-a Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, bu günə qədər koronavirus infeksiyası ilə bağlı ədliyyə sistemində 40 min 291 test keçirilib: “Hazırda ədliyyə sistemində, eləcə də cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları çox azdır, sanitar-epidemioloji vəziyyət nəzarətdədir. Hazırda Ədliyyə Nazirliyinin tibbi heyətinin vaksinasiyası həyata keçirilir”.

İdarə rəisi qeyd edib ki, vaksinasiya prosesinə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar da cəlb ediləcək: “Məhbusların da peyvənd olunması nəzərdə tutulur. Amma hələlik bu prosesin nə vaxt reallaşacağı barədə dəqiq məlumat yoxdur. Ümumiyyətlə, bu proses digər müəssislərdə olduğu kimi, Ədliyyə Nazirliyi sistemində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi cədvəl üzrə aparılır. Cədvələ uyğun olaraq məhkumların da vaksinasiyası həyata keçiriləcək”.

A.Sabitova bildirib ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ailə üzvləri ilə görüşünə də icazə verilir: “Bu proses xüsusi qaydalar əsasında həyata keçirilir. Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə cəzaçəkmə müəssisələrində məhkumlarla görüş üçün xüsusi şüşə – şəffaf kabinələr yaradılıb və məhkumlar həmin kabinələrdən ailə üzvləri ilə görüşürlər”.

Teqlər: