Məhkəmə Ermənistan rəhbərliyinin öz xalqına qarşı da cinayət törətdiyini ortaya çıxardı – Deputat

Bu gün başa çatan məhkəmə prosesi bir çox məqamlarla yadda qaldı. Əvvəla Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətləri məhkəmədə təkzibedilməz sübutlarla təsdiq edildi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, tarixən bizə məlum olan faktlar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən və Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün cinayət işi üzrə məhkəmə prosesi zamanı bir daha öz təsdiqini tapdı:

“Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işində də Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübut edildi. Xatırladım ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb və prokurorluğa göndərilib. Bu məhkəmə həm də Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz xalqına qarşı da cinayət törətdiyini ortaya çıxardı. Belə ki, məhkəmədə məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər, Ermənistanın siyasi-hərbi rəhbərliyi isə hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrindən aydın olub ki, ermənilər tərəfindən döyüşənlər yalnız hədə qorxu ilə orduya cəlb edilənlərdir. Yəni, məhz Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri, həmçinin öz xalqına qarşı da törətdiyi cinayət nəticəsində bu gün bu şəxslər gənc yaşında məhkəmə qarşısında cavab verdilər”.

Vüqar İskəndərovun sözlərinə görə, məhkəmə prosesi Ermənistandakı mövcud durumla bağlı vəziyyətə də işıq salıb: “Məlumat üçün bildirim ki, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu isə bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə kəskin olduğunu göstərir. Bəlli olur ki, Ermənistan bu gün məhkum olunan şəxslərin öz ölkələrində yaşadıqları müddətdə zəruri olan hüquqlarını belə təmin etməyib”.

Ən nəhayət bu məhkəmə prosesi Azərbaycanın humanizm ənənələrinə sadiq qaldığını bir daha bütün dünyaya nümayiş etdirdi: “Məhkəmə hökmunə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib. Bu da Azərbaycan tərəfindən göstərilən humanizm siyasətinin bariz nümunəsidir. Ümid edək ki, bu gün məhkum olunan şəxslərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm nəhayət ki, Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə, regionda sabitliyin bərqərar olmasına töhfə olacaq”.

Teqlər: