“Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası iyul ayının 29-da açıq hərraca çıxarılıb. Qiyməti 25 milyon manat olan əmlakın hələ ki alıcısı yoxdur.
Ümumiyyətlə, bu qiymətə Bakıda hər hansı əmlakın alınması nə dərəcədə realdır?
AzerTimes xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Əkrəm Həsənovun fikrincə, Bakıda bu qiymətə obyektlərin alınması mümkündür.
O, belə halların az olduğunu qeyd edib:
“Razıyam, bu, gündəlik baş verən proses deyil. Hər bir halda əmlak hərraca çıxarılırsa, mütləq elə 25 milyona da satılacaq deyə bir qanun yoxdur.
Əgər obyekt təyin olunan qiymətə satılmasa, hərracın qanunlarına görə qiymət endiriləcək. 25 milyon onun ilkin qiymətidir. Növbəti endirim zamanı alınmasa, yenə də qiymət endiriləcək. Əvvəl-axır isə dövlət və ya özəl qurumlardan biri alacaq”.
Qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. “Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.